8 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi “Heydər Əliyev bir zirvədir” mövzusunda tədbir keçirib

06-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev bir zirvədir” mövzusunda tədbir keçirilib.

Tədbirdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların birliyinin yaranmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid milli ideya ətrafında toplaşması yolunda yorulmadan səy göstərdiyini iftixar hissi ilə dilə gətirib. M.Həsənov Ümummilli Lider Heydər Əliyevin dahi uzaqgörənliklə ölkəmizin və xalqımızın tərəqqisi üçün düşünülmüş siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə qeyd edib ki, zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli inkişaf konsepsiyasını işləyib hazırlayıb və onu dəqiqliklə həyata keçirib. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ümummilli Liderin şah əsəridir.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə çıxışında həyatının mənasını xalqa və dövlətə xidmətdə görən, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmiş Ulu Öndərimizin böyük ehtiramla, rəğbətlə xatırlandığını, milyonlarla insanın qəlbində əbədi yaşadığını qeyd edib.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Vətən Müharibəsi Qəhrəmanı şəhid baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Vətən müharibəsi qazisi polkovnik-leytenant Yaşar Bağırov çıxışlarında xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarıb müstəqilliyə qovuşduran Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Paylaş: