8 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib

07-05-2025
IMG

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq mərasimdə Azərbaycan şahmatının unudulmaz anlarına həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Mahir Məmmədov çıxış edərək, Azərbaycanın dünyada həm də şahmat ölkəsi kimi tanındığını bildirib. AŞF rəhbəri göstərilən diqqət və qayğıya görə şahmatçılar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Ardınca “Baku Open 2025”ə həsr olunan qısa icmal videosu nümayiş etdirilib.

FIDE-nin VI prezidenti Kirsan İlyumjinov Azərbaycan şahmatçılarının daim mötəbər yarışlarda uğur qazandığını söyləyib. O, dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramının imzalandığını xatırladıb və şahmatçıların uğurunun Prezident İlham Əliyevin göstərdiyi qayğının nəticəsi olduğunu deyib. FIDE-nin VI prezidenti 2016-cı ildə Bakıda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasının şahmat tarixinin ən yaxşı olimpiadası olduğunu bildirib.

Sonra yarışın yekun nəticələri açıqlanıb. 8 yaşadək qızların yarışında Nazlı Rüstəmli, oğlanlarda isə Daniel Konovalov birinci yeri turub. 10 yaşlılar arasında turnirdə Yang Youpinq (Çin) və Yusif Əhədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 12 yaşadək iştirakçılar arasında Əsnad Baxşızadə və Əkbər Mirzəyev birincilik qazanıb.

B qrupunda qadınlarda Dinara Hüseynova, oğlanlarda isə Nikolaz Çikalidze (Gürcüstan) hamıdan çox xal toplayaraq qalib olub. U-16 nominasiyasında Roman Şoqdziyev (FIDE) mükafata layiq görülüb. “Baku Open” yarışının A qrupunda Ayan Allahverdiyeva və Aleksandr İndciç (Serbiya) yarışın qalibi adını qazanıb.

“Baku Open 2025” çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da keçirilib. Vüqar Bayramov ölkə çempionu olub. Asəf Abdullayevlə Mehman Abbasov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 90 yaşlı Şərail Avazova ən yaşlı iştirakçı kimi xüsusi mükafat təqdim olunub.

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.

Paylaş: