9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

08-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 10 may - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyi, inkişafı naminə gördüyü böyük və əvəzedilməz işlərdən, ölkəmizin bu günü və gələcəyi üçün qoyduğu zəngin irsdən bəhs ediblər. Ulu Öndərin ötən əsrin sonlarında bərpa edilmiş müstəqilliyimizin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunmasındakı müstəsna xidmətlərindən danışan natiqlər qeyd ediblər ki, Dahi Şəxsiyyət xalqımızın əsrlər boyu formalaşmış istiqlal arzularını və milli dövlətçilik ideallarını gerçəkləşdirib, respublikamız qısa zaman kəsiyində ciddi tənəzzüldən qurtularaq demokratik-hüquqi islahatlar və stabil inkişaf yoluna qədəm qoyub. Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən qlobal səviyyəli siyasi xadimdir. Məhz cənab Prezidentin rəhbərliyi ilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib.

Tədbirdə vurğulanıb ki, həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Daha sonra tədbirin bədii hissəsi Mülki müdafiə qoşunlarının Nümunəvi orkestrinin ifasında konsert proqramı ilə davam etdirilib.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Paylaş: