9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Sosial Xidmətlər Agentliyində Cüdo Federasiyasının nümayəndələri ilə görüş keçirilib

08-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə görüşüb.

Görüşün məqsədi Agentliyin müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların cüdo idman növü ilə tanış edilməsi, potensiallı uşaqların cüdoya cəlb edilməsindən ibarət olub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Vüqar Behbudov həssas kateqoriyadan olan uşaqlara göstərilən sosial xidmətlər barədə məlumat verib, bu sahədə aparılan işlər və əldə olunan nəticələrdən bəhs edib.

Diqqətə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar Sosial Xidmətlər Agentliyi tərəfindən səyyar, stasionar və yarımstasionar xidmətlərlə əhatə olunurlar. Həmin uşaqlar Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, Uşaq evləri, Sosial Xidmət Mərkəzləri və digər müəssisələrində dövlət qayğısı ilə əhatə olunurlar.

Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, cüdo idman növü yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda, uşaqlarda mühüm insani keyfiyyətlərin formalaşmasına xidmət edən tərbiyə sistemidir. Bu idman növünün təməlində dayanan hörmət, cəsarət, təvazökarlıq, dostluq, şərəf və özünüidarə kimi dəyərlərin uşaqlara aşılanması xüsusi əhəmiyyət daşıyır. Cüdo, həmçinin uşaqlarda fiziki aktivliyi artırır, psixoloji sağlamlığa müsbət təsir göstərir və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirir. Bu baxımdan, cüdo təkcə bir idman növü kimi deyil, eyni zamanda həyat bacarıqları qazandıran kompleks inkişaf vasitəsi kimi dəyərləndirilə bilər.

Görüşdə cüdo sahəsində gələcək əməkdaşlıq imkanları və birgə layihələr müzakirə olunub.

Paylaş: