23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanın iki boksçusu finalda, ikisi bürünc medal qazanıb

27-03-2024

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

67 kiloqramda İlqar Salahov 1/4 finalda pakistanlı Muhammad Usama ilə döyüşüb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb və yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. İ.Salahov finala gedən yolda Mehdi Amirizafarla (İran) üz-üzə gələcək.

75 kiloqram çəkidə iki Azərbaycan dueli olub. Kamran Şahsuvarlı Novruzəli Xuduyevə (30:27, 30:27, 29:28, 30:27, 30:27), Mirşərif Kazımzadə Fərhad Şeydayevə (30:27, 30:27, 30:25, 29:28, 30:27) 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Özləri üçün bürünc medalı təmin edən boksçular növbəti qarşılaşmada müvafiq olaraq, Saidcamşid Cafarov və Cavohir Ummataliyevlə (hər ikisi Özbəkistan) qüvvəsini sınayacaq.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Murad Allahverdiyev isə finala yüksəlib. 86 kiloqramda rinqə çıxan boksçu Bekzat Tanqatardan (Qazaxıstan) güclü olub – 4:1 (27:30, 30:27, 30:27, 29:28, 29:28). O, həlledici görüşdə Xasmaqomed Cavatxanovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

92 kiloqramda Alfonso Dominges də yarımfinal döyüşündən qələbə ilə ayrılıb. Dünya çempionu özbəkistanlı Diyorbek Uralova 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) qalib gəlib. Dominges qızıl medal uğrunda Toqambay Sadindiklə (Qazaxıstan) qarşılaşacaq.

Sərxan Budaqovla (80 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) isə turniri bürünc medalla bitirib. Onlardan birincisi Fazliddin Erkinboyevə (Özbəkistan) məğlub olubsa, Abdullayev 1/4 finalda zədələndiyi üçün Cahongir Zokirovla (Özbəkistan) döyüşməyib.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın dördüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

Paylaş: