21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

31 Mart soyqırımı hələ də tam açılmamış qanlı tarixi səhifədir

30-03-2024

Heç vaxt öz dövləti olmamış ermənilərin Azərbaycan xalqına, türklərə nifrətinin uzun tarixi var. Daim ayrı-ayrı xristian dövlətlərinin, qeyri-türk millətlərinin siyasi aləti olmuş ermənilər türklərə qarşı vaxtaşırı namərdlik edib, iyrənc cinayətlər törədiblər. Yaşadıqları bütün Türk dövlətlərində yerli sakinlərlə yola getməyən, fürsət tapan kimi etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirən ermənilər ən böyük cinayətlərini Azərbaycan türklərinə qarşı törədiblər.

Fhnews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.

Belə cinayətlərdən birinin 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı ilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınların olduğunu xatırladan deputat deyib: “Həmin qətliamlar zamanı martın 30-dan aprelin 3-dək Bakıda, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və başqa ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Bakı və ətraf ərazilərdən qırğınlarda çoxsaylı yaşayış məntəqələri mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Uşaq, qoca, qadın bilmədən mülki əhali kütləvi əhali qırğınların qurbanı olub”.

Qeyd edilib ki, tarixə Mart soyqırımı kimi düşən bu faciəvi hadisələr sovet dövründə xalqımıza təhrif olunmuş şəkildə çatdırılırdı. Guya qırğınlar təşkilati-ideoloji mərkəz olaraq Bakı Soveti hökuməti, Bakı Xalq Komissarları Sovetinin milli dövlətçiliyi qorumaq naminə törədilib. Qətlə yetirilənlər isə sosializmə qarşı çıxan, Müsavat hökumətinin tərəfdarları olublar. Şəhərin mərkəzində qatillərə xatirə kompleksi ucaldılmışdı. Bundan ürəklənən ermənilər sonrakı illərdə özlərini Azərbaycanın ağası kimi aparırdılar. Bütün rəhbər vəzifələrə ermənilər təyin olunurdu. Sovet dövründə də ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə son qoymadılar. Yüz minlərlə soydaşımız Ermənistandan zorla çıxarıldı. 1990-cı illərin əvvəllərində ermənilər daha aqressiv şəkildə baş qaldıraraq ərazi iddiası ilə çıxış etdilər və 20 faizə yaxın torpağımız işğal olundu.

Vurğulanıb ki, ermənilərin cinayətkar əməllərinə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev müstəqillik dövlət quruculuğu prosesinə rəhbərliyi dövründə iki tarixi sənədlə verdi. “Azərbycanlıların soyqırımı haqqında” və “Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası” adlı sənədlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı. 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilməsi Ulu Öndərin müstəsna tarixi xidmətlərindəndir.

“Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və dünyaya çatdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Azərbaycan xalqının tarixinin gələcək nəsillərə çatdırılması, milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb”, - deyə deputat əlavə edib.

Diqqətə çatdırılıb ki, tarixin hələ tam açılmamış səhifələrindən olan Mart soyqırımı zamanı ermənilər insanlara qarşı vəhşicəsinə davrandıqları kimi, mədəni və tarixi abidələri də məhv ediblər. Ermənilər təkcə Azərbaycanda deyil, Cənubi Azərbaycan ərazilərində də kütləvi qırğınlar törədiblər.

“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində erməni təcavüzkarlarını işğal olunmuş tarixi ərazilərimizdən çıxarmaqla ermənilərin faşizm ideologiyasının da kökünü kəsmiş oldu. Biz erməni cinayətlərinin qurbanı olan bütün türklərin, müsəlmanların qisasını döyüş meydanında aldıq. Biz Ermənistana, daşnaklara elə bir zərbə endirdik ki, onlar Cənubi Qafqazda başlarını bir daha qaldıra bilməyəcəklər”, - deyə deputat vurğulayıb.

Paylaş: