19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Yaponiyada təbii fəlakətlərdən sonra yaranan xəstəliklər çoxsayda ölümə səbəb olub

18-01-2025
IMG

Son 30 ildə Yaponiyada 5400-dən çox insan zəlzələ və digər təbii fəlakətlərdən sonra ağır stress, yorğunluq və bəzi xəstəliklərdən dünyasını dəyişib.

Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, 1995-ci il yanvarın 17-də Yaponiyanın qərbində baş verən Böyük Hanşin zəlzələsindən sonra fəlakətlərin yaratdığı xəstəliklər səbəbindən ölüm hallarının sayı artıb. 

Buna uyğun olaraq son 30 ildə 5 min 456 nəfərin şiddətli stress, yorğunluq və fəlakətlərin yaratdığı bəzi xəstəliklərdən həyatını itirdiyi müəyyən edilib.

Böyük Hanşin zəlzələsindən sonra yaradılmış təxliyə mərkəzlərində qrip də daxil olmaqla yoluxucu xəstəliklərin yaranmasından sonra təxminən 921 nəfərin öldüyü məlum olub.

2004-cü ildə Niigata prefekturasında baş verən zəlzələdən sonra avtomobillərində yatan bəzi insanlar uzunmüddətli hərəkətsizlikdən qan laxtalanması nəticəsində yaranan "venoz tromboz" səbəbindən ölüb.

2011-ci ildə Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunamidən sonra Fukusima Daiiçi Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra çox sayda insan təxliyə edilmiş və fəlakətlə bağlı xəstəliklər səbəbindən 3802 nəfərin öldüyü bildirilmişdi.

“Kyodo”nun məlumatına görə, çoxsayda qocanın məskunlaşdığı bölgədə belə ölümlərin səbəbləri arasında evakuasiya sığınacaqlarında uzun müddət qalma, elektrik və su təchizatında fasilələr, həmçinin sosial yardım və tibb müəssisələri tərəfindən göstərilən xidmətin pis olduğu göstərilir. 

Ehtimal edilir ki, təbii fəlakətlə bağlı ölümlərin statistikası açıqlanan rəqəmlərdən daha çoxdur.

Paylaş: