19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Çində əhalinin sayında azalma tendensiyası 2024-cü ildə də davam edib

17-01-2025
IMG

Çinin əhalisi 2024-cü ildə 1,39 milyon nəfər azalaraq əvvəlki 2 ildəki azalma tendensiyasını davam etdirib. Çin Milli Statistika Bürosunun  məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan materik Çin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib.

Ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023-2024-cü illərdə də davam edib.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çində uzunmüddətli əhalinin azalması tendensiyası başladığı il olub.

Ölkədə 2024-cü ildə 10,93 milyon ölüm qeydə alınıb ki, bu da 11,1 milyon ölümün qeydə alındığı 2023-cü illə müqayisədə 1,5 faiz azalma deməkdir. Ölüm nisbəti mində 7,87-dən 7,76 promillə azalıb.

Əhalinin yaş qruplarına görə bölgüsündə “əmək qabiliyyətli yaş” kimi müəyyən edilən 16-59 yaş arası əhali 857,98 milyon nəfərlə əhalinin 60,9 faizini, 310,31 milyon nəfərlə isə 60 və yuxarı yaşda olanlar 22 faizini təşkil edib.

Yaşı 65 və daha çox olan pensiya yaşına çatmış əhalinin sayı 220,23 milyon nəfərə çatıb ki, bu da ümumi əhalinin 15,6 faizini təşkil edir.

2024-cü ildə şəhər əhalisi əvvəlki ilə nisbətən 10 milyon 830 min nəfər artaraq 943 milyon 500 min nəfərə çatdığı halda, kənd əhalisi 12 milyon 220 min nəfər azalaraq 464 milyon 780 min nəfərə enib. Şəhər əhalisinin nisbəti 67 faizə yüksəldiyi halda, kənd əhalisinin xüsusi çəkisi 33 faiz təşkil etmişdir.

Analitiklərin fikrincə, Çin uzunmüddətli demoqrafik dəyişikliyə qədəm qoyub ki, onun əhalisi tədricən qocalacaq və əmək qabiliyyətli əhalinin payı getdikcə azalacaq.

2016-cı ildən bəri əhalinin artım tempinin azaldığı Çində önümüzdəki illərdə əhalinin daha sürətlə azalacağı təxmin edilir. Hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edərək ilk olaraq 2016-cı ildə uşaq sahibi olma limitini 2-yə qaldırıb, daha sonra isə 2021-ci ildə ailələrə 3 uşaq sahibi olmağa icazə verən qanun dəyişikliyini qəbul edib.

Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətlərə baxmayaraq, yeni nəsil iqtisadi inkişafın yavaşlaması, uşaqların yaşaması və böyüdülməsi xərclərinin artması səbəbindən uşaq sahibi olmaqda tərəddüd edir.

Əhalinin azalmasının qocalması ilə birlikdə gələcəkdə Çinin işçi qüvvəsi potensialının azalmasına səbəb olacağı və bunun iqtisadiyyata təsirinin hiss olunacağı proqnozlaşdırılır.

Paylaş: