19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

AMEA-nın Kimya Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

17-01-2025
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, iclasda AMEA-nın Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev təqdim edib.

Diqqətə çatdırılıb ki, 2024-cü ildə Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 12 problemə aid 41 mövzuya dair 113 tədqiqat işi, 139 mərhələ aparılıb, 2 mövzu, 58 iş, 139 mərhələ tamamlanıb və bu tədqiqatlardan 6-sı tətbiq olunub.

Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Dilqəm Tağıyev bildirib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 9 kitabı, 16 monoqrafiyası (3-ü xaricdə), 435 məqaləsi (229-u xaricdə), 677 tezisi (208-i xaricdə), 5 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, Məqalələrdən 283-ü “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 5720 istinad qeydə alınıb. Həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 51 iddia sənədi verdiyi, respublikada 33, xaricdə 2 patentin alındığı diqqətə çatdırılıb.

Sonra AMEA-nın müşaviri akademik Adil Qəribov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov hesabat ətrafında çıxış edib, bölmənin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev AMEA Rəyasət Heyətinin qərarını səsləndirib. Qərarda Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Paylaş: