19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Alimlər Neolit dövründə iqlim böhranının həlli yollarını araşdırıblar

18-01-2025
IMG

Elm adamları Neolit dövrünə aid Avropanın sirli daşlarının günəş işığını geri gətirmək üçün qurban olaraq basdırıldığını irəli sürüblər.

Baltik dənizində Danimarkanın Bornholm adasında Günəş və bitki motivləri olan yüzlərlə daş aşkar edilib. Əksəriyyəti tünd rəngli şist daşından ibarət olan bu artefaktları tədqiqatçılar “günəş daşları” adlandırırlar.

Təxminən eramızdan əvvəl 2900-cü ilə aid günəş daşlarını heyvan sümükləri, gil qab parçaları və çaxmaqdaşı əşyalarla birlikdə torpağa qazılmış xəndəklərdə basdırıblar. Ritual təəssüratı yaradan bu hərəkətlərin məqsədini anlamaq istəyən elm adamları dəfn olunduqları zaman ətraf mühit şəraitini araşdırmaq qərarına gəliblər.

Araşdırmada Neolit dövrünə aid bu ritual vulkan püskürməsi ilə əlaqələndirilib. Vulkan püskürmələri zamanı atmosferə buraxılan kükürd kimi maddələr günəş işığının qarşısını ala və iqlimin soyumasına səbəb ola bilər. 

Eramızdan əvvəl 2900-cü ilə aid belə bir hadisəni təsvir edən heç bir yazılı olmasa da, yeni araşdırma aparan qrup buz nüvələrindən istifadə edib. Zaman kapsulları kimi fəaliyyət göstərən bu silindrik strukturların təbəqələri keçmiş iqlim şəraiti haqqında məlumat verir.

Qrenlandiyadan götürülmüş buz nüvələrini araşdıran tədqiqatçılar şaxtanın eramızdan əvvəl 2900-cü ildən əvvəl və sonra yaz-yay aylarında baş verdiyini göstərən dəlillər tapıblar. Günəşdən gələn radiasiyanın azaldığı və havanın soyuduğu da müəyyən edilib. Komanda həmçinin buz nüvələrində kükürdün olduğunu müəyyən edib və onlar iqlim dəyişikliyinin eramızdan əvvəl 2910-cu ildə vulkan püskürməsi nəticəsində baş verdiyini düşünürlər.

Alimlər deyirlər ki, ritual itirilmiş günəş işığının geri qayıtmasını qeyd etmək və ya belə bir hadisənin bir daha təkrarlanmaması üçün icra edilmiş ola bilər.
Kopenhagen Universitetindən arxeoloq Rune İversen həmmüəllifi olduğu araşdırma haqqında "Biz çoxdan bilirik ki, Günəş Şimali Avropada erkən əkinçilik mədəniyyətlərinin mərkəz nöqtəsi olub"-deyib.

Paylaş: