19 yanvar 2025, bazar Bakı, 7°C
IMG-LOGO

İranda Ali Məhkəmənin hakimlərinə  sui-qəsd

18-01-2025
IMG

İranın paytaxtı Tehranda Ali Məhkəmənin binası qarşısında silahlı hücum nəticəsində iki Ali Məhkəmə hakimi həyatını itirib, biri isə yaralanıb.

İranın rəsmi xəbər agentliyi “İRNA”-nın məlumatına görə, Ali Məhkəmənin hakimləri Tehranda Ali Məhkəmənin binası qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə hər iki hakim- Hüccətulislam Məhəmməd Mukise və Hüccətulislam Əli Razini həyatını itirib. Bir hakim və mühafizəçisi isə yaralanıb. Cinayəti törədən şəxsin intihar etdiyi bildirilib.

İran Ədliyyəsinin sözçüsü Əsgər Cihangir dövlət televiziyasına hücumla bağlı açıqlama verib.İran sözçüsü hücumun yerli vaxtla saat 10.45 radələrində Ali Məhkəmə üzvlərinin otaqlarına girilərək həyata keçirildiyini bildirib.

Öldürülən hakimlərin mühüm dosyelərə baxdığını bildirən Cihangir bu şəxslərin verdikləri mühakimələrə görə daim rejim düşmənlərinin hədəfində olan təcrübəli hakimlər olduğuna diqqət çəkib.

Qeyd edək ki, həyatını itirən Ali Məhkəmə üzvü Hüccətulislam Əli Razini 1999-cu ildə də sui-qəsdə məruz qalmış, amma bu hücumdan yaralanaraq sağ çıxa bilmişdi. Hadisəni terror hücumu kimi xarakterizə edən Cihangir hadisə ilə bağlı araşdırılmalara başlanıldığını deyib.

Paylaş: