Keyfiyyətli və təhlükəsiz bal hansıdır?
Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində istehlaka yararsız 1560 kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya edilib. Həmin məhsulların laborator analizləri zamanı təbii olmadığı, keyfiyyətinin aşağı olduğu, həmçinin tələblərə uyğun saxlanılmadığı məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, laboratoriyada balın analizləri zamanı bir çox vacib göstəricilərə diqqət yetirilir. Balın təbiiliyi, saxlanma və emal şəraiti, həmçinin arıçılıqda istifadə olunan pestisidlərin təsiri qiymətləndirilir.
İlk növbədə balda prolinin səviyyəsi yoxlanılır. Bu amin turşusunun səviyyəsi yüksək olan məhsul təbii və keyfiyyətli hesab edilir. Çünki prolin balın təbii olduğunu göstərən əsas göstəricilərdən biridir və məhsulun saflığını təsdiqləyir.
Balın həm təbii, həm də təzə olub-olmadığını müəyyənləşdirmək üçün məhsulun fermentativ aktivliyini ölçən diastaza ədədinin müayinəsi aparılır. Əgər diastaza ədədi aşağıdırsa və ya mövcud deyilsə, bu, balın qeyri-təbiiliyini və ya keyfiyyət göstəricilərinin normaya uyğun olmadığını göstərə bilər.
Balın saxlanma və emal şəraitini göstərən kimyəvi göstərici olan hidroksimetilfurfuralın (HMF) da müayinəsi həyata keçirilir. Həmin göstəricinin yüksək olması məhsulun uzun müddət düzgün saxlanmadığını və ya təbii xüsusiyyətlərini itirdiyini göstərir.
Balın arıçılıqda istifadə edilən pestisid olan amitrazla bağlı müayinələri də aparılır. Amitraz düzgün və təlimata uyğun istifadə edildikdə, arı ailələrini qorumağa kömək göstərir. Lakin balda qalıq miqdarı qalarsa, bu, insan sağlamlığı üçün risk yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, laboratoriyalarda müayinə olunmuş, müvafiq tələblərə cavab verən, keyfiyyətli və təhlükəsiz bal insan orqanizmi üçün çox faydalıdır.
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və...
Yasamalda qanunsuz heyvan satışının...
20 Yanvar faciəsinin qurbanları FHN-in...
Sabaha olan hava proqnozu açıqlanıb ...
Azərbaycan ilə Pakistan arasında...