4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dillər Universitetində “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib

30-11-2024
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib. Tədbir Pekin Operasında “Dan” qadın rolunun görkəmli ifaçısı Mey Lanfanın anadan olmasının 130 illiyinə həsr edilib.

Bu barədə Konfutsi İnstitutundan bildirilib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tədbirdə Azərbaycan-Çin teatr sənəti əlaqələrinin tarixindən, eləcə də mədəni əməkdaşlığın səmərəli inkişafından, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən danışıb. Bildirib ki, xüsusi yazılmış mətn və texnologiya ilə həyata keçirilən musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən Pekin Operası Çinin qeyri-maddi mədəni irsidir.

O, Mey Lanfan ilə Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbül arasındakı dostluq münasibətlərindən, hər iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə bu iki sənətkarın xidmətlərindən bəhs edib.

Təqdimatlarla çıxış edən ADU-nun Çinşünaslıq fakültəsinin tələbələri Çin operasının müxtəlif regional forma və janrlarından, Mey Lanfanın Pekin Operasında apardığı islahatlardan danışıblar.

Bildirilib ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə “Tantsiyao” teatrının səhnəsində tamaşaya qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çin paytaxtında səhnələşdirilən ilk xarici operettadır. Hətta Çində Mao Tszedunun göstərişi ilə “Arşın mal alan” filminin Çin versiyası çəkilib. Həmçinin “Arşın mal alan” musiqili komediyasının Çin dilində diski buraxılıb.

Tədbirdə Çin operasına həsr olunmuş sənədli filmlərdən və görkəmli Çin ifaçısının həyat və yaradıcılığından bəhs edən “Mey Lanfan” bədii filmindən parçalar nümayiş olunub.

Paylaş: