4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BMTM-in sədri: Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib

30-11-2024
IMG

Beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların geniş yayılması səbəbindən dünya düzəni təhlükə altındadır.

Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı MEDays forumunda söyləyib.

BMTM-in sədri bildirib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan ikili standartlar siyasətinin təzahürləri ilə üzləşməli olub. İşğala məruz qalan Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib.

Fərid Şəfiyev Azərbaycan xarici siyasətinin prioritetlərinə də toxunub: "1990-cı illərin əvvəllərində biz tez-tez Avroatlantik məkanına inteqrasiya barədə danışırdıq. İndi isə biz qoşulmama statusunu seçmişik. Qonşuluğumuzda baş verən bütün geosiyasi hadisələr, - 2008-ci ildə Gürcüstanda baş verənlər və Ukraynadakı müharibə, - ikili standartların əsl mənzərəsini ortaya qoydu. İkili standartlar dövlətlər arasında ayrıcı xətləri dərinləşdirir".

Beynəlxalq münasibətlərin hazırkı vəziyyətinə toxunan BMTM sədri dünyanın "Qərb və digərləri" kimi iki hissəyə bölünməsinin korrekt yanaşma olmadığını qeyd edib. Vurğulayıb ki, "soyuq müharibə" dövründən fərqli olaraq dünya indi çoxqütblüdür: "Çox sayda regional və qlobal güclər meydana çıxır. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də sonra Qlobal Cənubun gündəmini diqqətdə saxlayıb. Çağırışlara həll yolu olaraq mən çoxtərəfliliyin gücləndirilməsinin və iqtisadi dekolonizasiyanın aparılmasının zəruriliyini qeyd etmək istərdim".

Paylaş: