4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində nümayiş olunub

30-11-2024
IMG

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD Expo” 20-ci Beynəlxalq Ticarət Sərgisində və “Halal Expo” Sərgisində iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub.

KOBİA-dan bildirilib ki, müvafiq sərgilərdə qurulan xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpaolunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendləri ziyarət ediblər.

KOBİA nümayəndələri halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.

Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər də keçiriblər. Dünya Halal Sammitinin və “Halal Expo”nun təşkilatçısı Yunus Ete, Malayziyanın sənayenin inkişafı nazirinin köməkçisi Datuk Andi Muhammed Suryady Bin Bandy, Sahibkarlığın İnkişafı və Kooperativlər Nazirliyinin müşaviri Saifuzzaman Abdul Rahman və Kiçik və Orta Sahibkarlığın İnkişafı Bankının baş direktoru Məhəmməd İbrahim, Seneqalın KOB-ların İnkişafı Agentliyinin baş meneceri Mari Roz Faye, İndoneziyanın Halal Sənayenin Gücləndirilməsi Mərkəzinin rəhbəri Nila Kumalasari ilə görüşlərdə KOB sahəsində əməkdaşlıq imkanlarına, KOB-ların gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidi, sahibkarlıq sahəsində innovasiyaların təşviqinə dair fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri səfər zamanı İstanbulda Azərbaycan investisiyası ilə qurulmuş və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən “Helba Pharma” şirkətində istehsal prosesi ilə də tanış olublar.

Paylaş: