2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Venesiyaya giriş haqqı: Sınaq mərhələsində 2,2 milyon avro toplandı

15-07-2024
IMG

Kütləvi turizmin təsirlərindən qorunmaq üçün Venesiyada başladılan 5 avroluq “ayaqbasdı haqqı” tətbiqinin sınaq mərhələsi başa çatıb. Venesiya Bələdiyyəsi illərdir müzakirə edilən giriş ödənişi layihəsini ötən ilin aprelində işə salıb. Aprelin 25-dən iyulun 14-dək həftə sonları kimi məşğul olacağı gözlənilən 29 gün müəyyən edilib və bu günlərdə şəhər mərkəzinə gündəlik girişlər ödənişli olub.

Yerli mətbuatın hesablamalarına görə, bu müddət ərzində ödənişdən azad edilənlər istisna olmaqla, hər gün təxminən 440 min insan şəhərə daxil olub və ümumilikdə 2,2 milyon avroya yaxın gəlir əldə edilib.

5 avroluq giriş haqqını qeyd olunan tarixlərdə saat 08.30-16.00 arası Venesiyaya gedən, lakin orada qalmayan ziyarətçilər ödəyib. Bəzi kateqoriyalar, o cümlədən, 14 yaşından kiçik uşaqlar, yerli sakinlər, şəhərdə işləyən və təhsil alanlar ödənişdən azad edilib. Bundan əlavə, Venesiyada otel kimi yerləşdirmə obyektlərində qalanlar artıq turizm vergisi ödədikləri üçün şəhərə giriş haqqı ödəmirdilər. Digər tərəfdən ödənişdən azad olan qrupların platformada qeydiyyatdan keçərək sənədləri şəhərdəki keçid məntəqələrində təqdim etməli olması əməliyyatla bağlı mürəkkəblik və reaksiyalara səbəb olub. Tətbiqin məxfilik prinsipini pozduğunu iddia edənlər də var. Şəhər sakinlərinin qurduğu bəzi dərnəklər də giriş pulunun Venesiyanın əyləncə parkına çevrildiyini və əsas problemlərin həllindən uzaq olduğunu əsas gətirərək bu praktikaya qarşı çıxıblar. 

Dünən başa çatan sınaq mərhələsindən sonra, giriş ödənişi tətbiqinin gələn ildən daimi olaraq həyata keçirilməsi planlaşdırılıb. İtaliya mətbuatının yazdığına görə, gələcəkdə giriş haqları iki dəfə arta bilər, turistlərin sayının pik həddə olduğu günlərdə isə şəhərə giriş məhdudlaşdırıla bilər. 1950-ci illərin əvvəllərində 175 min olan Venesiyanın əhalisinin sayı  2022-ci ildə 50 mindən aşağı düşüb. Gündəlik ziyarətçilər də daxil olmaqla, hər il təxminən 30 milyon turist şəhəri ziyarət edir.

Paylaş: