Türkiyə Prezidenti: Ötən il ixracatımız 255 milyard dolları keçərək respublika tarixində rekord qırıb
Qlobal iqtisadiyyat son 4-5 ildə olduqca fırtınalı dövr içindədir. COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklər bölgəmizdəki münaqişələrlə daha da mürəkkəbləşib. Ticarət məhdudiyyətləri, enerji və ərzaq qiymətlərindəki dalğalanmalar kimi bir çox qeyri-müəyyənliklərlə üzləşirik. Bütün bu sınaqlara əlavə olaraq, Türkiyə böyük bir zəlzələ fəlakəti yaşadı.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Xarici İqtisadi Əməkdaşlıq Şurasının (DEİK) Baş Assambleyası və Ustalara Hörmət Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il 53 mindən çox insanın həyatını itirdiyi 6 fevral zəlzələləri ümumilikdə 11 əyalət və 14 milyon insana mənfi təsir göstərib və iqtisadiyyata 104 milyard dollar ziyan vurub.
Zəlzələ ilə yanaşı, son bir ildə Türkiyədə ard-arda keçirilən üç seçkini xatırladan Prezident Ərdoğan seçki gündəliyinin fəaliyyətləri ləngitdiyi, iş dünyasında investisiya planlarını təxirə saldığını, kommersiya həyatında ehtiyatlılığı artırdığı və ümumilikdə ölkə iqtisadiyyatını durğunluq vəziyyətinə saldığını, lakin bütün bu neqativ hallara baxmayaraq ölkəsinin heç bir sahədə hədəflərindən yayınmadığını vurğulayıb.
“DEİK üzvlərinin səyləri sayəsində ötən il ixracatımız 255 milyard dolları keçərək respublika tarixində rekord qırıb. Aprel ayı etibarilə illik ixracat 257,6 milyard dollara çatıb. Bu ilin ilk rübündə ixracat əvvəlki ilin eyni dövrünə görə 2,7 faiz artaraq 82,9 milyard dollara çatıb. 2002-ci ildə 0,55 faiz olan ümumi dünya ixracatındakı payımızı 2023-cü ildə 1,08 faizə çatdırdıq. Ötən ilin may ayında 57 milyard dollara çatan illik cari kəsir mart ayında 31,2 milyard dollara qədər geriləyib. İqtisadi böyümə nəticələri ümidvericidir, 4,5 faizlə Avropada birinci, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ikinci, G20-də isə dördüncü yerdəyik. Milli gəlirimiz tarixdə ilk dəfə olaraq 1,1 trilyon dolları ötüb. Ötən il bir çox sahə üzrə sevindirici rəqəmlərlə bitirdik. Bütün dünya kimi bizim də əsas narahatlıq mənbəyimiz olan inflyasiya istisna olmaqla hədəflərimizdən artıq uğur nümayiş etdirdik”, - deyə Türkiyə Prezidenti ölkə iqtisadiyyatına dair bəzi rəsmi rəqəmləri açıqlayıb.
Ölkədə tətbiq olunan yeni iqtisadi proqramlardan müsbət nəticələr almağa başladıqlarını deyən Ərdoğan ötən ilin may ayında 97,1 milyard dollar olan ümumi ehtiyatların 42 milyard dollar artaraq 140 milyard dollara çatdığını bildirib.
Qeyd edilib ki, hazırda əsas prioritet inflyasiyanın birrəqəmli həddə endirilməsidir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...