Ötən ay 153 müəssisədə izləmə sisteminin tətbiq olunmadığı aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı digər tələblərlə yanaşı, qida obyektlərində izləmə sisteminin qaydalara uyğun tətbiqi ilə bağlı yoxlamalar aparılır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu ilin yanvar ayında keçirilən 173 planlı yoxlama zamanı 153 müəssisədə izləmə sisteminin tətbiq olunmadığı müəyyən edilib və bununla əlaqədar həmin müəssisə rəhbərləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
"Qida təhlükəsizliyi haqqında" Qanunun 27-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Məqsəd təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsinin və qısa müddət ərzində ticarət şəbəkəsindən geri çağırılmasının təmin edilməsidir.
Belə ki, qida subyektləri izləmə sistemini və qeydiyyat prosedurlarını formalaşdırmalı, qəbul edilən məhsulların təchizatçısını müəyyənləşdirməlidir. Bu məqsədlə müəyyən olunan sənədlər kağız və ya elektron daşıyıcılarda tərtib edilməli və həmin sənədlər məhsulların yararlılıq müddəti bitdikdən sonra 1 il müddətində saxlanmalıdır. İldə bir dəfədən az olmayaraq, izləmə sisteminin və prosedurlarının işlək olması yoxlanmalı və izlənmə nəticələri aktla sənədləşdirilməli, habelə Agentliyin tələbi ilə izləmə sisteminə dair məlumatlar təqdim edilməlidir.
Qeyd edək ki, izləmə sisteminin tətbiqi sahibkarlara yararsız məhsulun anbarda qalma ehtimalını minimuma endirmək və satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda, tədarükçü və distribütorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...