2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

NASA ilk GPS siqnallarını Aya göndərib

07-03-2025
IMG

NASA kosmonavtların Ayın səthində dəqiq naviqasiya edə bilməsi üçün kritik bir addım atıb. NASA-nın Ay GNSS Qəbul Təcrübəsi (LuGRE) Yer orbitindən Aya göndərilən qlobal yerləşdirmə sistemi (GPS) siqnallarını uğurla qəbul etməyi bacarıb.

Martın 2-də Aya enən “Blue Ghost” missiyasının bir hissəsi olan LuGRE, GPS də daxil olmaqla peyk əsaslı yerləşdirmə texnologiyalarını ehtiva edən Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) ilə əlaqə qurub və siqnalları izləyib.

NASA-nın Kosmik Rabitə və Naviqasiya (SCaN) proqramından Kevin Coggins bildirib ki, yer üzündə smartfonlardan tutmuş təyyarələrə qədər hər şeyi idarə etmək üçün GNSS siqnallarından istifadə edə bilərik. İndi LuGRE bizə Ayda GNSS siqnallarını uğurla qəbul edə və izləyə biləcəyimizi göstərdi. Bu, Ayın naviqasiyası üçün çox maraqlı kəşfdir və ümid edirik ki, bu imkandan gələcək missiyalarda istifadə edəcəyik. Bu inkişaf Ayın orbitində və onun səthində kosmik gəmilərə öz mövqelərini və sürətlərini Yerdəki hazırkı vaxtla müqayisə edərək dəqiq izləməyə imkan verəcək. Beləliklə, Ayın müxtəlif nöqtələri arasında marşrut tapmaq texnologiyalarından istifadə oluna bilər.

LuGRE Aya səyahət edərkən Yerlə təmasda qalıb. Ayın GPS sistemi Yerlə Ay arasında səyahət edən kosmik gəmilərin yerlərini müəyyən etməyə də kömək edəcək. Hazırda kosmik gəmilərin mövqeləri mürəkkəb müşahidələr və sensor oxunuşları əsasında hesablanır və bu proses kifayət qədər zəhmət tələb edə bilər. Yeni üsul astronavtlara və yerdən idarəetmə qrupuna vaxta qənaət etməyə imkan verəcək.

LuGRE təxminən 225.000 mil (təxminən 360.000 kilometr) məsafədə 14 gün ərzində GNSS ilə təmasda qalacaq. Bu müddət ərzində cihazın funksionallığı əlavə sınaqdan keçiriləcək və mümkün problemlər müəyyən ediləcək. LuGRE agentliyin köməyi ilə Aya çatan ilk texnologiyadır. Texnologiya qurulduqdan sonra NASA və ISA bu sistemi bütün kosmik tədqiqat agentlikləri üçün əlçatan etməyi planlaşdırır.

Qeyd edək ki, LuGRE layihəsi 2027-ci ilə qədər astronavtları Aya geri göndərməyi və Ay səthində uzunmüddətli baza qurmağı hədəfləyən “Artemis” proqramı çərçivəsində həyata keçirilən çoxsaylı layihələrdən biridir.

Paylaş: