2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

NASA-dan tarixi missiya: Kainatın ən ətraflı 3D xəritəsi

26-02-2025
IMG

NASA kosmosun ən detallı və rəngarəng üçölçülü xəritəsini yaratmaq üçün yeni elmi missiyaya hazırlaşır. “SPHEREx” adlı teleskop səmanı 102 müxtəlif infraqırmızı rəng tonunda skan edərək səma cisimlərinin tərkibini və məsafəsini təsbit edəcək.

NASA-nın Jet Propulsion Laboratory  tərəfindən hazırlanmış “SPHEREx” teleskopu fevralın 28-i cümə günü kosmosa buraxılacaq. O, növbəti iki il ərzində səmanı dörd dəfə skan edərək, böyük məlumat dəsti yaradacaq. Missiyanın sonunda kainatdakı 450 milyon qalaktikanın üçölçülü xəritələri yaradılacaq.

“SPHEREx”-in üç əsas elmi məqsədi var: böyük partlayışdan sonra kainatın ilk anlarını anlamaq, kainatdakı ümumi işıq miqdarını ölçmək və Süd Yolunda su və həyat üçün kritik elementləri aşkar etmək.

Bu məqsədlərə çatmaq üçün teleskop səma cisimlərinin işıq spektrini təhlil edərək onların kimyəvi quruluşunu və məsafəsini müəyyən edəcək. Elm adamları bu məlumatlarla kainatın genişlənmə prosesi ilə bağlı mühüm ipuçları əldə etməyi planlaşdırır.

“SPHEREx” təkcə uzaq qalaktikaları tədqiq etməyəcək, həm də Süd Yolunda su, karbon qazı və digər həyati vacib komponentləri axtaracaq. Bu elementlərin molekulyar buludlarda olub-olmadığını müəyyən etməklə, yaşayış üçün əlverişli planetlərin əmələ gəlməsi prosesi haqqında kritik məlumatlar verəcəkdir.

“SPHEREx” missiyasının kainatın sirlərini açmaq və kosmosda həyat potensialını anlamaq üçün inqilabi məlumatlar təqdim edəcəyi gözlənilir.

Paylaş: