2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Malayziya təyyarəsinin axtarışları yenidən başlayıb

26-02-2025
IMG

Malayziya Hava Yollarına məxsus "MH370" reysinin itməsindən təxminən 11 il sonra yenidən axtarış işlərinə başlanılıb.

“MalayMail”-in məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və bir daha ondan xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb.
Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus Armada 7806 gəmisi axtarış işləri üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.

Təyyarənin qalıqları tapılarsa, “Ocean Infinity”-ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir. Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə istiqamət alıb.Təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra olub.
Təyyarənin planlaşdırılan marşrutdan qərbə çıxaraq Hind okeanının cənubuna doğru uçduğu bəzi radar qeydlərində öz əksini tapıb.

Təyyarənin 227 sərnişin və 12 ekipaj üzvü ilə Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən nöqtələrdə aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatı olub. Ancaq bəzilərinin MH370-ə aid olduğu təsbit edilən təyyarənin hissələri istisna olmaqla, təyyarənin izinə rast gəlinməyib.

2018-ci ilin yanvarında Malayziya hökumətinin dəniz dibi kəşfiyyatı şirkəti "Ocean Infinity" ilə müqavilə bağladıqdan sonra itkin təyyarənin axtarışı bərpa edilib.
Lakin “Ocean Infinity” təyyarənin qalıqlarını tapa bilmədikdən sonra Malayziya 2018-ci ilin iyun ayının ortalarında işlərə son verildiyini açıqlayıb.

Paylaş: