Günəş sisteminin sərhədlərində maraqlı kəşf
Alimlər kəşf ediblər ki, Süd Yolunun cazibə qüvvəsi Oort buludunda spiral quruluş yaradır. Bu quruluş ilk Günəş sistemindən bəri mövcuddur və planetar sistemimizin təkamülünü anlamağa kömək edə bilər.
Günəş sisteminin ən uzaq bölgələri hələ də bir çox sirrlərlə doludur. Bununla belə, elm adamları Oort buludunda indiyədək naməlum spiral quruluş aşkar ediblər. Yeni kompüter simulyasiyası göstərdi ki, Süd Yolunun qravitasiya təsiri ilə Oort Buludunun daxili hissəsində nəhəng spiral əmələ gəlir.
ABŞ-nın Cənub-Qərb Tədqiqat İnstitutundan astronom David Nesvornynın rəhbərlik etdiyi bir qrup tərəfindən aparılan araşdırma “The Astrophysical Journal”da dərc olunacaq.
Tədqiqatçılar NASA-nın Pleiades superkompüterindən istifadə edərək Günəş sisteminin 4,6 milyard illik təkamülünü simulyasiya ediblər.
Oort buludu Günəş sisteminin ən uzaq bölgəsi kimi tanınır və Günəşdən 100.000 astronomik vahidə qədər uzanan buzlu qayalardan ibarətdir. Alimlər uzun illər Oort buludunun xarici hissəsinin sferik quruluş, daxili hissəsinin isə toroidal,yəni halqavari olduğunu düşünürdülər. Ancaq yeni simulyasiyalar bu daxili quruluşun əslində spiral şəklində olduğunu ortaya qoydu.
Araşdırmaya görə, Süd Yolunun cazibə qüvvələri Oort buludunun daxili hissəsində diametri 15 000 AU olan spiral quruluş yaradır. Bu quruluş Günəş sisteminin ilk dövrlərində yaranıb və günümüzə qədər gəlib çatıb. Əldə edilən məlumatlar göstərir ki, bu spiral formalaşmanı ötüb keçən ulduzların yaratdığı qravitasiya təsirləri ilə izah etmək mümkün deyil.
Yeni kəşf Oort Buludunun formalaşması və təkamülü ilə bağlı mühüm ipuçları verir. Oort Buludu Günəş sisteminə uzun müddətli kometləri göndərən bölgə kimi tanınır və buradakı strukturları anlamaq planetar sistemimizin tarixinə işıq sala bilər. Ancaq bu spiral quruluşu birbaşa müşahidə etmək çox çətindir. Oort Buludu Günəşdən çox uzaqda yerləşdiyi üçün onu mövcud teleskoplarla görmək mümkün deyil. Yenə də tədqiqatçılar gələcək müşahidə məlumatlarının bu quruluşu təsdiq edib-etməyəcəyini görmək üçün işlərini davam etdirəcəklər.
Bu mühüm kəşf Günəş sisteminin əmələ gəlməsi prosesi ilə bağlı naməlum məsələlərin həlli istiqamətində böyük addım hesab olunur. Alimlər qarşıdakı illərdə daha təkmil texnologiyalarla Oort Buludunun strukturunu daha ətraflı öyrənməyə ümid edirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...