2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Formula 1 Azərbaycan Qran-Prisinə 100-dən çox tibb işçisi təhkim olunub

10-09-2024
IMG

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli müəssisələrinin heyəti ilə görüşüb.

TƏBİB-dən verilən məlumata görə, qurum rəhbəri yarışlarda xidmət göstərəcək təcili tibbi yardım briqadalarına baxış keçirib və proseslə yaxından tanış olub.

Bildirilib ki, yarış xətti boyunca iştirakçılara Formula 1 çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda, yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

Formula 1 Azərbaycan Qran-Prisi üzrə idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, yarışları izləyən tamaşaçılar üçün dənizkənarı bulvar boyu 6, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 təcili tibbi yardım avtomobili olmaqla, ümumilikdə 132 tibb işçisindən ibarət təcili tibbi yardım briqadaları təhkim olunub.

Tədbirin keçirildiyi müddətdə təhkim olunan bütün tibb işçiləri səhər saat 08:00-dan gecə 00:00-a qədər növbəli xidmət göstərəcəklər. Sentyabrın 12-15-də “Bakı Kristal Zal”da keçiriləcək tədbirdə isə 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.

Paylaş: