Deputat: Prezident-xalq-ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” Xocalı qatillərinin Bakıya əliqandallı gətirilməsini təmin etdi
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Azərbaycan ordusu bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Prezident-xalq-ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin edilməsini, Xocalı qatillərinin Bakıya əliqandallı gətirilməsini təmin etdi.
Fhnews.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində bəşər tarixinin ən qanlı faciələrindən biri yaşandı. Azərbaycan tarixinə qanlı hərflərlə yazılan həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edərək dinc sakinlərimizə qarşı dəhşətli qırğın törətdi. Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bu amansız qırğında 8 ailə tamamilə məhv edildi.
“İyirminci əsrin sonlarında bütün bəşəriyyətin gözü önündə törədilən bu cinayət erməni millətçilərinin təcavüzkar siyasətinin əyani sübutudur. Azərbaycan dövləti ötən illər ərzində bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Bu cinayətlə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması üçün davamlı fəaliyyət həyata keçirildi”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində mühüm tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edən deputat bildirib ki, bu beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çoxsaylı sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, aksiyalar və digər tədbirlər təşkil olunub, həmçinin sosial media üzərindən uğurlu təşviqat həyata keçirilib.
Qüdrətli Azərbaycan dövlətinin və xalqının öz gücü hesabına ədaləti bərpa etdiyini vurğulayan Mircəlil Qasımlı deyib: “Tarixi torpaqlarımız işğalçılardan təmizləndi, Azərbaycan ərazisində separatizmin kökü tam kəsildi, dövlət suverenliyimiz bərpa edildi.
Antiterror tədbirləri nəticəsində düşməndən azad edilən Xocalıda Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Dövlət Bayrağımızı ucaltdı. Xalqımıza qarşı cinayətlər törətməkdə təqsirli bilinən şəxslər bu gün Bakıda ədalət mühakiməsinə cəlb olunublar. Bütün bunlar xalqımızın və dövlətimizin gücü hesabına bərqərar olan ədalətin təzahürüdür”.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini söyləyən deputat qeyd edib ki, artıq xocalılar da öz doğma torpaqlarına geri dönürlər. Bir neçə gün öncə ölkə başçısı Qarabağa səfəri çərçivəsində Xocalıda da oldu, Ballıca kəndində sakinlərlə səmimi görüşlər keçirdi, onlar üçün yaradılmış şəraitlə tanış oldu.
“Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri, əldə olunan nəticələr Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürüdür. Ölkəmiz öz gücü, daxili imkanları hesabına azad edilmiş şəhər və kəndlərini bərpa edir, keçmiş məcburi köçkünlərin bütün infrastruktura malik yaşayış məntəqələrinə qayıdışı uğurla həyata keçirilir”, - deyə deputat vurğulayıb.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...