2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Assosda 2200 illik mozaika və 1800 illik abidə-məzar tapılıb

24-01-2025
IMG

Türkiyənin Çanaqqala bölgəsinin Ayvacık rayonuna bağlı Behramkale kəndi sərhədləri daxilində olan Assosda 2200 illik mozaika və 1800 illik abidə-məzar tapılıb.Əsrlər boyu əhəmiyyətli bir liman şəhəri olan Assos xarabalıqları və təbiəti ilə hər il çoxlu turist qəbul edir. 

Türkiyədən alimlərin Assosda 1981-ci ildən bu yana apardıqları qazıntıların 44-cü mövsümü başa çatıb.

Çanaqqala Onsekiz Mart Universitetinin  professoru və Assos Qazıntı Komitəsinin sədri  Nurəddin Arslan qazıntı mövsümündə qədim şəhər və akropolda (qədim şəhərlərin yanında qalaların və müxtəlif tikililərin tikildiyi dağlıq ərazilərə verilən ad) yeni tapıntılara nail olduqlarını açıqlayıb.

Arslan bildirib ki, bunlardan biri də şəhərin qərb divarının kənarındakı xan tikilisidir. Əvvəlki illərdə başlanmış qazıntı işləri hələ də davam edir.

"Qazıntılardan sonra gördük ki, Ellinistik dövrə aid olan mozaika günümüzə qədər tamamilə qorunub saxlanılıb. Mozaika çoxbucaqlı dediyimiz daşlardan hazırlanıb, üçrəngli bitki və həndəsi motivlərdən ibarətdir"-deyən Arslan sözlərinə bunları da əlavə edib :

"Bu cür nümunələr Anadoluda kiçik parçalar halında mövcutdur. Xüsusilə Makedoniya və Yunanıstanın bəzi şəhərlərində sağlam nümunələr var. Assosda tapılan bu yeni mozaikanın indiki təxminlərimizə görə 2200 yaşı var. Bu bina Ellinistik dövrdə gimnastika zalı (gymnasium) kimi istifadə edilib, lakin son istifadə dövrü olan Bizans dövründə yaşayış sahəsinə çevrildiyini və əslində mozaikaların günümüzə qədər gəlib çatmasının böyük bir şans olduğunu söyləyə bilərik. Bu sahə istifadəsinə baxmayaraq heç bir zərər görmədən günümüzə qədər gəlib çatmışdır.Digər qazıntı sahəsi aqoranın şərq hissəsidir.Bizdən əvvəlki tədqiqatçılar “fəvvarə quruluşu” deyilən bir quruluşu qazıblar.Bununla bağlı işlər də yekunlaşıb. Qazıntılardan sonra haqqında danışdığımız böyük abidəvi quruluşun fəvvarə deyil, Assosun nüfuzlu ailələrindən birinə aid türbə kompleksi və ya 1800 illik abidə-qəbir olduğu ortaya çıxıb".

Paylaş: