2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Əsədin kimyəvi silah anbarı ilk dəfə görüntülənib

28-02-2025
IMG

Suriyanın paytaxtı Dəməşqdə bir vaxtlar devrilmiş Bəşər Əsəd rejiminin kimyəvi silah saxlamaq üçün istifadə etdiyi obyekt ilk dəfə görüntülənib. Havadan çəkilmiş görüntülərdə obyektin hündür təpənin üzərində tikildiyi və ətrafında hündür torpaq qalaqlarının olduğu görülüb.

2013-cü ildə kimyəvi silahdan istifadəni araşdıran istintaq qrupunda xidmət edən məmur Suriyada kimyəvi silahdan istifadə edilən obyekt haqqında məlumat verib. Rəsmi Dəməşq yaxınlığında yerləşən və uzun illər gizli saxlanılan obyektin 2013-cü ilin avqustunda Şərqi Qutaya kimyəvi silah hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının  heyəti tərəfindən araşdırıldığını bildirib. Qurum rəsmisi BMT nümayəndə heyətinin 2013-cü ildə təftiş edərkən devrilmiş Əsəd rejiminin obyektdəki kimyəvi silah anbarını sənədləşdirdiyini deyib.

Havadan çəkilmiş görüntülərdə obyektin hündür təpənin üzərində tikildiyi və ətrafında hündür torpaq qalaqlarının olduğu görülüb. Devrilmiş Əsəd rejimi 21 avqust 2013-cü ildə Dəməşqin Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə edərək, 1400-dən çox mülki şəxsin ölümünə, çoxu qadın və uşaqların olduğu 10 mindən çox mülki şəxsin yaralanmasına səbəb olub.
Bunun üzərinə ABŞ-nın daha əvvəl elan etdiyi qırmızı xətti pozduğu səbəbilə Suriyaya müdaxilə edəcəyi gözləntiləri yaranıb.Rusiya rejimin bütün kimyəvi silah anbarını məhv etməyi təklif edərək müdaxilənin qarşısını alıb.

2013-cü il sentyabrın 15-də tərəflər razılığa gəlib və məhvetmə prosesinə başlanılıb. Əməliyyatın 2014-cü il avqustun 19-da başa çatdığı açıqlanıb. Lakin məhv edilən ehtiyat Əsədin bəyan etdiyi inventarla məhdudlaşıb. Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, Əsəd rejimi ölkədə vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə 217 dəfə kimyəvi silahla hücum edib.

İlk kimyəvi silah hücumunu 2012-ci ilin dekabrında Humusun Beyyada rayonunda həyata keçirən rejim, son hücumunu 2019-cu ilin mayın 19-da Lazkiyənin Kebine kəndində həyata keçirib. 2013-cü ildə Şərqi Quta kimyəvi silah hücumu beynəlxalq ictimaiyyətin gündəmində olsa da, rejim zəhərli kimyəvi qazlarla hücumlarını davam etdirib.

Rejim qüvvələri 4 aprel 2017-ci ildə İdlibin Xan Şeyxun rayonunda kimyəvi silah hücumu ilə mülki insanları hədəf alaraq bu silahdan əl çəkmədiklərini göstərib. Bu qırğında 100-dən çox dinc sakin həlak olub, 500-dən çox dinc sakin qazdan zəhərlənib. 2018-ci il aprelin 7-də Şərqi Quta bölgəsinin Duma rayonunda rejim qüvvələri tərəfindən daha bir yaddaqalan kimyəvi silah hücumu həyata keçirilib.

78 mülki şəxsin həyatını itirdiyi qətliamda əksəriyyəti qadın və uşaq olmaqla yüzlərlə dinc sakin zəhərli qazlardan təsirlənərək müalicə aldıqdan sonra evlərini tərk etmək məcburiyyətində qalıb.

Paylaş: