13 mart 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Üçüncü “YAŞAT” idman düşərgəsinə start verilib

01-04-2024

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə üçüncü “YAŞAT” idman düşərgəsinə start verilib.

Aprelin 2-dək davam edəcək düşərgə Abşeron Olimpiya İdman Kompleksində həyata keçirilir.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihədə cənub bölgəsində - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladı iştirak edir.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirakçılara uğurlar diləyib.

Düşərgə iştirakçılarına layihənin dördgünlük proqramı və qaydalar izah olunub. Uşaqlar nahar fasiləsindən sonra Azərbaycanın ilk təhsilyönümlü əyləncə parkı – “Kinderland”da rəngarəng vaxt keçiriblər, proqrama uyğun olaraq növbəti səfər adrenalin dolu “Sky Park” əyləncə mərkəzinə olub, uşaqlar orada da əyləncə axınına qoşulublar.

Proqram masaüstü oyunlar – tennis və şahmatla davam edib. Düşərgə iştirakçıları şam yeməyindən sonra leqoların hazırlanması ilə bağlı ustad dərslərinə də qoşulublar.

Ümumilikdə düşərgə müddətində iştirakçılar üçün müxtəlif yarışlar, gimnastika, karate, boks, cüdo idman növləri üzrə ustad dərsləri keçirilir. Əyləncə və kino saatları ilə bərabər Bakı şəhərində yerləşən görməli yerlərə ekskursiyalar təşkil olunur. Həmçinin iştirakçılara hədiyyələr təqdim edilir.

Məqsəd həmin region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkilidir.

Layihənin baş sponsoru “Azərkontrakt” ASC, dəstəkçiləri “Kinderland”, “Sky Park”, media dəstəkçisi isə ASAN TV & Radiodur.

Paylaş: