14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Bölgələrdə Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

31-05-2024
IMG

Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər keçirilib və feremon tələlər quraşdırılıb.

Fhnews.az xəbər verir ki, AXA-dan verilən məlumata görə, cari ilin birinci rübündə zərərvericiyə qarşı mübarizə tədbirlərinin səmərəliliyini təmin etmək məqsədilə qışlama yerlərinin monitorinqi keçirilib. Ölkə üzrə 4561 məntəqədə (yaşayış yeri, ictimai iaşə obyektləri və s.) aparılmış monitorinqlər nəticəsində 382 məntəqədə zərərvericinin 14395 ədəd yetkin fərdi müşahidə edilib. Aşkarlanmış zərərvericilər mexaniki yolla məhv olunub.

Mart ayından başlayaraq respublikanın müxtəlif bölgələrində zərərvericinin populyasiyalarının kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 5975 ədəd feromon tələ quraşdırılıb. Zərərvericinin daha çox müşahidə olunduğu Zaqatala rayonunun Bazar və Balakən rayonunun Poştbinə kəndlərində kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qəhvəyi mərmər bağacığına qarşı bu günədək 2,3 min hektar sahədə müşahidə aparılıb, 140 hektarda sirayətlənmə aşkarlanıb və 130 hektar sahədə mübarizə tədbirləri görülüb.

Həmçinin mərkəzin əməkdaşları tərəfindən qeyd olunan rayonların kəndlərinin ictimai iaşə obyektlərində, yardımçı tikililərdə və inzibati binalarında təhlükəsizlik qaydalarına əməl etməklə zərərvericiyə qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.

Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki var. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla, topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.

Paylaş: