10 may 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

Qvatemaladakı "qan mağarası"nda mayyaların vəhşi  ritualının izləri tapılıb

09-05-2025
IMG

Arxeoloqlar Qvatemaladakı bir mağarada yağış tanrısını sakitləşdirmək üçün insanları öldürən vəhşi Mayya ritualının qurbanlarının parçalanmış kəllələrini aşkar ediblər.
Cueva de Sanqre və ya "qan mağarası" ilk dəfə 1990-cı illərdə Petendəki arxeoloji sahədə tədqiqatlar zamanı aşkar edilmişdir. Üzərində travmatik xəsarət əlamətləri olan sümüklər yerə səpələnmiş halda tapılsa da, son vaxtlara qədər onlar hərtərəfli müayinə olunmamışdı. Tədqiqatçılar Mayyalıların təxminən iki min il əvvəl mağaradan insan qurbanı ritualları üçün istifadə etdiklərinə dair sübutlar təqdim ediblər. 

Kaliforniya Dövlət Universitetindən Michele Bleuze də daxil olmaqla tədqiqatçılar sümüklərin ritual məqsədlər üçün parçalandığını göstərən əlamətlər tapıblar. 
Məsələn, kəllə parçasının bir tərəfində onun baltaya bənzər alətlə vurulduğunu göstərən işarə var. Sümüklərin basdırılmaq əvəzinə yerə səpələnməsinin və bəzilərinin qəribə şəkildə düzülməsinin onların rituallarda istifadə edildiyini deməyə əsas verir.

Bundan əlavə, arxeoloqlar mağarada rituallarda istifadə edildiyi bilinən obsidian bıçaqları və qırmızı oxra kimi əşyalar da  tapıblar. 

Ümumilikdə, mağara yerində böyüklərdən və uşaqlardan 100-dən çox insan sümüyü parçası tapılıb. Sümüklərdəki yaraların vəhşi təbiətini və mağarada onların yüksək sıxlığını nəzərə alan tədqiqatçılar belə nəticəyə gəliblər ki, Cueva de Sanqre təxminən eramızdan əvvəl 400-cü ildən eramızdan əvvəl 250-ci ilə qədər Mayyaların ritual insan qurbanı yeri olub.

Tədqiqatçılar deyirlər ki, insan qurbanı ilə bağlı vəhşi rituallar mayyaların yağış tanrısı Chaacı sakitləşdirmək üçün icra edilib, lakin bu cür təcrübələrin mahiyyətini daha yaxşı başa düşmək üçün sümüklərin DNT analizinə ehtiyac var.

Gələcək tədqiqatlar İspaniyanın işğalından əvvəl Mərkəzi Amerikada həyata daha çox işıq sala bilər.

Paylaş: