19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Milli Məclisdə “Diplomatiya Könüllüləri” ilə görüş keçirilib

19-12-2024
IMG

Dekabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri Xarici İşlər Nazirliyinin “Diplomatiya Könüllüləri” qrupu ilə görüşüblər.

Fhnews.az xəbər verir ki, görüşdə çıxış edən komitə sədri Səməd Seyidov Azərbaycanın əldə etdiyi uğurlar və bu nailiyyətlərin qorunub inkişaf etdirilməsində gənclərin rolu barədə fikirlərini bölüşüb. O, ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq deyib ki, bu, böyük nemətdir və bunu qorumaq, inkişaf etdirmək gənclərin üzərinə düşür.

Səməd Seyidov Azərbaycan diplomatiyasının əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib ki, bu, gələcəkdə gənclər tərəfindən uğurla davam etdirməlidir. O, gəncləri daha fəal olmağa, ölkənin inkişafı üçün verilən imkanlardan maksimum yararlanmağa çağırıb.

Komitə sədri Prezident İlham Əliyevin ölkənin qarşısında dayanan məsələlərlə bağlı verdiyi mesajların əhəmiyyətini vurğulayaraq, gənclərin bu istiqamətdə fəal iştirakı üçün geniş imkanların yaradıldığını qeyd edib.

Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəis müavini Vasif Əliyev bildirib ki, “Diplomatiya Könüllüləri” proqramı 2019-cu ildən fəaliyyət göstərir və artıq beş ildir uğurla davam edir. Bu proqram çərçivəsində nazirlikdə 250-dən çox gənc təcrübə keçib. Proqramın seçim prosesi kifayət qədər rəqabətli şəraitdə keçirir və hər il böyük maraq doğurur.

O qeyd edib ki, 2024-cü il üzrə seçim prosesinə 300-ə yaxın namizəd müraciət edib. İlk mərhələdə meyarlara uyğun olaraq 140 nəfər seçilib. Daha sonra bu namizədlər Xarici İşlər Nazirliyinin struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən müsahibədən keçirilib. Nəticədə 60 nəfər proqramda iştirak hüququ qazanıb və hazırda onlar nazirliyin müxtəlif bölmələrində təcrübə keçirlər. Altı ay davam edəcək bu proqram oktyabrda başlayıb və fevralda yekunlaşacaq. Bu müddət ərzində iştirakçılar həm nəzəri, həm də praktiki biliklər qazanır, müxtəlif təlimlərdə iştirak edirlər. Proqram çərçivəsində aidiyyəti dövlət qurumlarına və strateji obyektlərə səfərlər təşkil olunur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov, Zaur Şükürov və Ramid Namazov çıxış edərək, gənc diplomatlarla bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb və müxtəlif sahələrdə böyük əhəmiyyət qazanıb. Könüllülər artıq bir çox dövlət qurumlarının fəaliyyətində fəal iştirak edir və müxtəlif tədbirlərdə mühüm rol oynayırlar. Gələcəyin diplomatları, deputatları və qərar verən liderləri olan gənclərin bu prosesdə iştirakı xüsusi önəm kəsb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-a ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.

Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, həmçinin diplomatların üzərinə böyük yük düşür.

Görüş sual-cavab formatında davam edib.

Paylaş: