18 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Tələbələrin 72 faizi ixtisas seçimində ilk üç yerdə Pedaqoji Universiteti qeyd ediblər

18-12-2024
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

İclasda rektor Cəfər Cəfərov ötən dövr ərzində görülən işlər və həyata keçirilən yeniliklərə toxunaraq yaxınlaşmaqda olan yeni təqvim ilində müxtəlif istiqamətlər üzrə daha da səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, əlaqədar strukturlarda, müvafiq kafedralarda aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, eləcə də bu konteksdə müvafiq stimullaşdırma tədbirləri olduqca əhəmiyyətlidir.

Elmi şuranın gündəliyinə uyğun olaraq tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Pedaqoji Universitetdə müvafiq semestr imtahanlarının 2025-ci il yanvarın 6-dan fevralın 3-dək keçirilməsi nəzərdə tutulur. Ümumilikdə universitetin Bakı şəhəri üzrə 11 min 250-dək tələbə və magistrantının iştirak edəcəyi imtahanların ADPU-nun Səbail və Gənclik tədris binalarında (xüsusi qabiliyyət tələb edən fənlər isə Nəsimi tədris binası) gündə üç növbədə keçirilməsi planlaşdırılır.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili ilə əlaqədar ADPU, onun filialları və Pedaqoji Kollecin ümumilikdə 3654 nəfər tələbəsi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 72 faizindən çoxu imtahanlarda 71 baldan yüksək, 26,4 faizi isə 91 baldan yüksək nəticə göstərib. İştirakçıların 80 faizə qədəri imtahanların şəffaflğını 10 ballıq sistem üzrə 7-10 bal aralığında, 45 faizə qədəri isə 9-10 bal aralığında qiymətləndirib. Onlardan 81 faizə qədəri imtahanla bağlı apellyasiyaya müraciət etməyiblər. Tələbələrin 35 faizindən çoxu imtahan dönəmində ADPU-da fəaliyyət göstərən psixoloji xidmətdən yararlanıb. 88 faiz iştirakçı imtahan nəzarətçilərinin davranışından razı olduğunu qeyd edib. Ümumi rəyə əsasən, tələbələr şifahi imtahan formasını daha çox dəstəkləyirlər.

2024/2025-ci tədris ilində Pedaqoji Universitetə qəbul olan tələbələr arasında aparılan sorğunun nəticələri haqqında məlumat verən prorektor E.Aslanov qeyd edib ki, 423 nəfər I kurs tələbəsinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, respondentərin 70.4 faizi müəllim olmaq üçün, 16.5 faizi isə rahat təhsil mühitinə görə ADPU-nu seçiblər. İştirakçıların 72 faizi ixtisas seçimində ADPU-nu ilk 3 yerdə qeyd etdiklərini, 92.4 faizi isə ilk turdan ADPU-ya qəbul olduqlarını vurğulayıblar. Tələbələrin 83 faizindən çoxu məzun olduqdan sonra müəllim kimi fəaliyyət göstərəcəklərini qeyd ediblər. Həmçinin sorğu iştirakçılarının 90 faizi universitetdə xarici dil seçimində ingilis dilinə üstünlük veriblər.

Sorğuya qatılanların 63 faizi Pedaqoji Universitet haqqında ilk məlumatı ADPU-nun sosial media hesabları və rəsmi saytından, 18.7 faizi universitetin tələbələrindən, 14.4 faizi isə məzunlarından əldə etdiklərini bildirib.

Yekunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, Şura tərəfindən təqdim olunan hesabatlar qəbul edilib, müvafiq təkliflər barədə müsbət qərarlar verilib.

Paylaş: