Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB
Dekabrın 17-də Bakıda Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Fhnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq təlim-tədris mərkəzləri və akademiyaları, eləcə də müşahidəçi statusunda Şimali Kiprin müvafiq qurumları iştirak edirlər.
Konfransda çıxış edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev 2009-cu il oktyabrın 9-da Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsinin daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyduğunu deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində türk dövlətlərinin hüquq mühafizə-orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılıb: “2022-ci il dekabrın 11-də İstanbul şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsi (Turkish Judicial Training Network) təsis edilib. Azərbaycan tərəfini həmin Şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. Azərbaycan 2024-cü ildə Şəbəkəyə sədrlik etməyə başlayıb”.
K.Əliyev vurğulayıb ki, bu gün öz işinə başlayan beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılıb: “Bizim üçün qardaş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi, öz müsbət təcrübəmizlə bölüşmək çox əhəmiyyətlidir. Əminəm ki, hakim və prokurorların peşə hazırlığında da müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə sahib olacaq”.
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov çıxışında türk dövlətləri arasında münasibətlərin getdikcə dərinləşməkdə olduğunu, son bir neçə il ərzində dövlətlərarası münasibətlərin demək olar bütün sahələrdə genişləndiyini və inkişaf etdiyini diqqətə çatdırıb: “Təbii ki, ədliyyə sahəsi də istisna deyil. Təkcə bu il ədliyyənin bütün sahələrini əhatə etməklə 30-a yaxın müxtəlif seminar, konfrans, fərdi tədbirlər keçirilib. Həm məhkəmə sisteminin nümayəndələri, həm məhkəmə-hüquq şuraları, prokurorluqlar, Ədliyyə nazirlikləri arasında əməkdaşlıq nəzərdə tutulub. Həmin əməkdaşlıq hətta notariat sahəsini də, bütövlükdə akademiyalar arasında əməkdaşlığı da əhatə edir”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bildirib ki, aktual məsələlərdən biri də türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlanması, türk dövlətlərinin hüquq peşələrini bir araya gətirən müştərək hüquq platformasının təsis olunmasıdır. Həmin platforma hüquqi bilik və təcrübə mübadiləsini asanlaşdıracaq, hüquq peşələri arasında əməkdaşlığı genişləndirəcək və ortaq hüquqi problemlərə daha effektiv və çevik həll yolları tapmağa şərait yaradacaq. Platforma, eyni zamanda, transmilli cinayətlərin qurbanlarına keyfiyyətli hüquqi yardım standartlarının işlənib hazırlanması və lazım olduqda onlara Pro Bono hüquqi yardımın göstərilməsi əsaslarının müəyyən edilməsi üçün də bir baza rolunu oynaya bilər.
Sədr qeyd edib ki, hüquqşünas kadrların hazırlanmasında irəliləyişə nail olunması hüquq münasibətlərində transmilli aspektlərin hüquqi tənzimlənməsinin əsaslarından biridir. Bu zaman hüquqşünas kadrların hazırlanması üzrə bakalavr və magistratura istiqamətlərində ikili diplom proqramlarının qurulması əhəmiyyətli olardı. Həmçinin birgə hüquq nəşrlərinin dərc edilməsi, bu sahədə türk ölkələrinin hüquq sistemlərinin müqayisəli öyrənilməsi və ortaq hüquq lüğətinin tərtib olunması da bizim üçün prioritet məsələlərdən olmalıdır.
Konfrans öz işini panel sessiyalarla davam etdirib.
İki gün davam edəcək tədbirdə 90-a yaxın nümayəndə iştirak edir.
Bakıda “Hüquq münasibətlərində...
Bulvar ərazisində batma təhlükəsi olan...
Ağdaş rayonunda fərdi yaşayış evində baş...
Sumqayıtda partlayış baş verən binada...
Novxanıda fərdi yaşayış evində partlayış...