“Çağdaş dövrdə türk xalqlarının əsas ictimai-fəlsəfi problemləri” – elmi seminar
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Çağdaş dövrdə türk xalqlarının əsas ictimai-fəlsəfi problemləri” mövzusunda ümuminstitut seminarı keçirilib.
İnstitutdan bildirilib ki, seminarın moderatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov çıxışında mövzunun aktuallığını diqqətə çatdırıb.
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərli məruzəsində çağdaş dövrdə türk xalqlarının əsas ictimai-fəlsəfi problemlərini bir neçə aspektdə dəyərləndirib. Onun fikrincə, mövzu ilə bağlı, ilk növbədə, “Türk fəlsəfəsi”, “Türk xalqlarının fəlsəfəsi”, “Türk filosofu”, “Türk xalqlarının filosofu” (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və b.) anlayışlarına türk xalqlarında hansı yönlərdən yanaşılması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına çox az hallarda rast gəlmək mümkündür.
Məruzəçi hesab edib ki, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb onun müxtəlif fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olub. Məhz bunun nəticəsi olaraq, ən yaxşı halda ilk türk filosofları olaraq orta əsrlərdə yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi və başqalarının adları çəkilir. Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları əsasən Türkiyə ilə məhdudlaşdırlır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşamasından asılı olmayaraq, türk mütəfəkkiri, türk bilgəsi kimi tanınıb. Ancaq hazırda müstəqil türk dövlətlərində və digər türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür. Eyni zamanda, türk xalqlarının fəlsəfəsi ilə bağlı ortaq və ayrı-ayrılıqda nəşr olunmuş əsərlərin mövcudluğu məsələsinin dəqiqləşməsinin zərurətindən bəhs edən F.Ələkbərli türk xalqlarının təhsil sistemində (bakalavratura, magistratura, doktorantura) türk fəlsəfəsinin, türk fəlsəfə tarixinin tədrisi məsələsi ilə bağlı məlumatlar verib.
Məruzəçiyə görə, hazırda “Türk xalqlarının fəlsəfə cəmiyyəti”nin yaradılması, bu anlamda Türk dünyasına daxil olan fəlsəfi cəmiyyətlərin inteqrasiyasına da ehtiyac vardır. F.Ələkbərli daha sonra təklif edib ki, türk filosoflarının irsinin ortaq şəkildə araşdırılması, türk fəlsəfə müntəxabatının bütün türk dillərində ərsəyə gətirilməsi, ən azı vizual şəkildə “Türk Fəlsəfəsi Kitabxanası” yaradılması və türk fəlsəfə tarixinin öyrənilməsi metodologiyasını dəqiqləşdirməsi istiqamətində işlər görülməlidir. Bunun üçün türk fəlsəfə tarixi və türk fəlsəfəsi ilə bağlı simpozium, konqres və konfransların təşkilinə ciddi diqqət yetirilməli, hər il bunun həyata keçirilməsi təmin olunmalıdır.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzdə, müəssisənin direktor müavini Eynulla Mədətli və başqaları mövzu ətrafında şıxış edərək öz fikirlərini, mülahizələrini bildiriblər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
BDU-nun 105 illiyi çərçivəsində...
BDU Qırğızıstan-Türkiyə Manas...
FIBAA-nın akkreditasiya sertifikatları...
MDB ölkələri xalqlarının epos...
BMU-da Əqli Mülkiyyət Agentliyi ilə...