Azərbaycanda qurulacaq Avropa Ağırlıqqaldırma Akademiyasının inkişaf strategiyası müzakirə olunub
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) Sloveniyadan olan strateji planlama mütəxəssisi, Lyublyana Universitetinin professoru Edvard Kolarla görüş olub.
AAF-nin mətbuat xidmətindən bildiriblər ki, federasiya prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Təhməzova və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun iştirak etdiyi görüşdə Azərbaycanda qurulacaq Avropa Ağırlıqqaldırma Akademiyasının inkişaf strategiyası müzakirə edilib.
K.Nəbizadə akademiyanın inkişaf strategiyasının hazırlanması zamanı nəzərə alınmalı zəruri istiqamətləri diqqətə çatdırıb. Federasiya rəhbəri vurğulayıb ki, Akademiyanın fəaliyyət və inkişaf strategiyasında bu idman növünün kütləviləşməsi, atletlər və hakimlər üçün beynəlxalq seminar və məşğələlərin təşkili, sertifikatlaşdırma, eyni zamanda antidopinq sahəsində görüləcək işlər ayrı-ayrılıqda nəzərə alınmalıdır.
Daha sonra sloveniyalı mütəxəssis Edvard Kolar effektiv inkişaf strategiyasının təklif olunmuş istiqamətləri ilə bağlı fikirlərini səsləndirib. O, qısa zamanda strategiyanın ilkin versiyasını Azərbaycan Ağırlıqqaldırma Federasiyasına təqdim edəcəklərini bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, inkişaf strategiyası hazırlandıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim ediləcək.
Azərbaycanda qurulacaq Avropa...
Kişi voleybolçular arasında Yüksək...
Kişi boksçular arasında Azərbaycan...
Böyük Britaniya Olimpiya Oyunları üçün...
Azərbaycan Cüdo Federasiyasının...