18 dekabr 2024, çərşənbə Bakı, 8°C
IMG-LOGO

Avropada uşaqları qorumaq üçün məhdudlaşdırıcı siyasətlər güclənir

18-12-2024
IMG

Sosial medianın uşaqların psixi sağlamlığına təsiri ilə bağlı narahatlıqlar artdıqca, Avropa hökumətləri gənc istifadəçilərin Instagram, Facebook, TikTok və Snapchat kimi platformalara çıxışını tənzimləmək üçün səyləri gücləndirir. 

Araşdırmalar göstərir ki, sosial media və smartfonlardan həddindən artıq istifadə uşaqlarda narahatlıq, diqqət çatışmazlığı, depressiya kimi psixi sağlamlıq problemlərinin artmasına, həmçinin pis duruş və piylənmə kimi fiziki sağlamlıq problemlərinə səbəb olur.

Avropa İttifaqı  Komissiyasının 2023-cü il hesabatı 9-16 yaş arası uşaqların 40 faizinin sosial mediada kiber zorakılıq, cinsi istismar və həddindən artıq pəhriz təbliğatı kimi zərərli məzmunlarla qarşılaşdığını ortaya qoyub.

Hesabata görə, uşaqlar cinsi zorakılıq, təqib və fırıldaqçılıq kimi cinayətlərə, həmçinin özünə zərər vermə, intihara cəhd və həmyaşıdlarının zoraklığı kimi psixoloji təsirlərə daha həssasdırlar.

Avropa Şurasının başqa bir araşdırması göstərib ki, gənclərin 57 faizi həddindən artıq ekran vaxtı və sosial media təzyiqi ilə bağlı narahatlıq və ya depressiya yaşayır.

Böyük Britaniyada yerləşən “Internet Matters” təşkilatının apardığı sorğu göstərib ki, Aİ ölkələrində valideynlərin 78 faizi övladlarının internetdə uyğun olmayan və ya zərərli məzmuna məruz qaldığına inanır, 68 faizi isə sosial media üçün daha sərt yaş nəzarəti tədbirlərini dəstəkləyir.
Mütəxəssislər 16 yaşından kiçiklər üçün sosial media qadağasının, daha yaxşı təhsilin və uşaqları bu texnologiyaların asılılıqdan qorumaq üçün qanuni tənzimləmələrin zəruriliyinə diqqət çəkirlər.

Avropa hökumətləri uşaqları və yeniyetmələri sosial media platformalarının zərərlərindən qorumaq üçün yaş məhdudiyyətləri və valideyn nəzarəti də daxil olmaqla hüquqi tənzimləmələri sərtləşdirmək səylərini gücləndirir.

Avropada yeni qaydalar hazırlamaq və ya mövcud qanunları sərtləşdirmək gündəmdədir.

2023-cü ildə Fransa 15 yaşdan kiçik uşaqlar üçün sosial media hesabları yaratmaq üçün valideynlərin razılığını tələb edən qanun qəbul edib. 2024-cü ilin aprelində prezident Emmanuel Makronun sədrlik etdiyi komissiya 11 yaşından kiçiklər üçün mobil telefonların qadağan edilməsi və 13 yaşından kiçiklər üçün internetə qoşulan telefonların qadağan edilməsi kimi daha sərt qaydaların tətbiqini tövsiyə edib.

Almaniyada 16 yaşdan aşağı olanların sosial mediadan istifadə etməsi üçün valideynin razılığı tələb olunsa da, qeydiyyat zamanı bu razılığın verilib-verilmədiyini yoxlamaq mümkün olmadığı və ya doğum haqqında yanlış məlumatların verilməsi səbəbindən tənzimləmənin həyata keçirilməsi çətinləşib. 


2018-ci ildə Belçikada tətbiq edilən qanunla valideyn icazəsi ilə sosial media hesabı açmaq üçün minimum yaş həddi 13, İtaliyada isə 14 yaşından kiçiklər üçün sosial media hesabı açmaq üçün valideyn icazəsi tələb olunur.

İspaniyada ekspertlər tərəfindən hazırlanan və Nazirlər Şurasına təqdim edilən hesabatda uşaqların 16 yaşına qədər mobil telefondan istifadə etməməsi, istifadə edənlərin isə internet bağlantısı olmayan adi mobil telefon və ya ağıllı saatlardan istifadə etmələri tövsiyə edilib.

Paylaş: