23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

20-03-2025
IMG

Yaz fəslinin təbiətə qədəm basmasını hər il xalqımız Novruz bayramı adı altında böyük coşqu ilə bayram edir. Bu baxımdan çox vaxt Novruz bayramını bahar bayramı - yəni yaz fəslinin gəlişi kimi də düşünürlər və buna bəzən adi təbiət hadisəsi kimi də, yəni sadəcə fəsil dəyişmə dövrü kimi də yanaşırlar. Bəs görəsən bu cür təntənəli və geniş miqyasda toy-bayram etdiyimiz Novruz bayramı sadəcə iqlim dəyişikliyi ilə xarakterizə olan bahar fəslinin özüdürmü? Əgər sadəcə bir fəsil dəyişməsidirsə, niyə məhz xalqımız bu bayramı ilin başqa fəslində deyil, məhz yaz fəslində keçirir?

Fhnews.az xəbər verir ki, AZƏRTAC bu kimi suallara cavab tapmaq və tam aydınlıq gətirmək üçün AMEA Folklor İnstitutunun əməkdaşı, dosent Şakir Albalıyevin mülahizələrini təqdim edir.

Bunun üçün ilk növbədə bahar (yaz) fəslinin özündə daşıdığı hikmətin sirrini tapmalıyıq. Öncə sözün özünün daşıdığı leksik mənaya diqqət edək. Məlumdur ki, xalqımız (qədim türklər) adla əşya arasında həmişə uyğunluq görüb və bu uyğunluğa görə də əşyaya, hər hansı bir təbiət cisminə, obyektinə və s. adlar verib. Bu məntiqdən düşündükdə bahar fəslinin Azərbaycan, eləcə də qədim türk dil(lər)ində adlandırıldığı “yaz” sözünə və “yaz” sözünün bətnində daşıdığı leksik mənaya diqqəti yönəltməklə məsələnin mahiyyətini aça bilərik.

Bəli, xalqımız məhz yaz (bahar) fəslinin simasında, təbiətin yaz fəslinin təcəssümündə şənlik ab-havası yaradıb, onu Novruz mərasimi ilə cilalayıb, möhtəşəm şəkildə bayrama çevirir. Nədir bunun səbəbi? Yaz fəslinə xalqımız əbəs yerə “yaz”(maq) adı qoymayıb. Yazmaq feilinin kökündən gəlir yaz(ı) sözü. Xalqımız yaz(ı) fəslinin təbiətində belə bir ilahi hikməti görüb, fəslə yaz (yazı) adı verib. Bəs bu “yazı” ismi, “yazmaq” feili hansı mühüm əlamətə görə yaz (bahar) fəslinin adına verilib? Bəli, yaz fəslinin adı feildən yaranan “yazı” sözünün – isminin birhecalı şəklə salınmış qısa deyiliş formasıdır.

Ulularımız nəyə görə bahar fəslini yaz (yazı) fəsli adlandırıblar? Dini mifologiyadan Allah-taalanın dünyanı “OL!” əmri ilə yaratdığı məlumdur. Təbiətin ölgün, cansız vəziyyəti hesab olunan qış fəslindən sonra təbiətə - təbiətin ölmüş taleyinə yenidən can (dirilik) bəxş etmək üçün fövqəltəbii qüvvənin hökmü yenidən yaz(yazı) gətirir. “Yaz!” hökmü ilə donmuş ətraf aləm Tanrının İlahinin qüdrəti ilə yenidən “yazı”lır; yəni donmuş, ölmüş təbiətin canına – taleyinə yenidən “dirilik” yazılır. Başqa sözlə, təbiət yeni biçimdə təzədən doğulur. İnsan doğulanda tale yazısı ilə doğulduğu kimi, təbiət də baharda – yazda yenidən doğulanda, dirilik tapanda onun taleyinə yaz(ı) gəlir, yaz(ı) fəsli gəlir. Üstəlik, təbiətin yaz fəsli hadisəsinə metaforik baxımdan da yanaşdıqda, biz yaz fəslinin həqiqətən də “yazı” fəsli olduğunu müşahidə edə bilirik. Belə ki, nahaq yerə obrazlı şəkildə yaz fəslini təbiətin şah əsəri adlandırmırlar. Çünki Allah-taala (təbiət) dünyaya öz qüdrət qələmi ilə canlı rəsm əsəri (başqa sözlə, yazı sənəti nümunəsi) çəkib. Al-əlvan təbiət lövhələri elə təbiətin (uca Yaradanın) qələminin qüdrətidir. Allah-taalanın füsunkar qüdrət qələmi dünyaya – təbiətə öz yazını (yazısını) belə donda təqdim edir. Başqa sözlə, yaz(ı) fəsli İlahinin yazısının nümayiş olunduğu fəsildir.

Bu yazı (yaz fəsli) sadəcə canlı təbiət təsvirləri ilə ölçülmür, bu yaz(ı) həm də ölmüş təbiətin ruhunun və görkəminin (xarici simasının) yenidən “yazılışı”dır – dirilik, canagəlmə, yaşama haqqı olan “alın yazısı” – tale yazısıdır.

Ta qədim zamanlardan İlahinin təbiətə qüdrət qələmi ilə çəkilmiş bu füsunkar “yazı”sını arif nəzərləri – dünyabaxışı ilə “oxuyan”, görən xalqımız bu təbiət möcüzəsinə biganə qalmamış, Allahın bu təbiət “yazı”sına həmrəylik əlaməti olaraq “səs vermiş” – sosial varlıq olaraq təbiətin bu möcüzəli, hikmətli aləmində özünü də görmək istəmişdir. Buna görə də həm daxilən təbiətin özü kimi saflaşmaq üçün umu-küsülüyü aradan götürmüş, həm də zahirən təzə paltarları geyinməkdən tutmuş dəbdəbəli şənliklərəcən, rəngarəng mərasimlərəcən əlindən gələn bütün gözəlliklərlə yaz(ı) fəslinə özünün “yazısını” - əməllərini qatmışdır.

Beləcə, xalqımız yaz (bahar) fəslinin hikmətli təcəssümünü “ilahi yazı” olaraq “oxuya bilmiş” və bu yazıya özünün rəngarəng “yazısını” – yəni müxtəlif cür ayin və mərasimlərlə müşayiət olunan “yazısını” – əməl və bacarıqlarını əlavə etməklə təbiətin coşqusuna qoşulmaqla təbiətlə (və Allahla) həmrəylik nümayiş etdirmişdir. Başqa cür ifadə etsək, “ölü dirilirsə” (ölmüş təbiət dirilik tapıb cana gəlirsə), buna necə heyrətlənməmək, sevinməmək olar? Buna görə də Novruz bayramını dirilik ünsürləri ilə əlaqələndirib, yeni həyatın gəlişi (yenidən doğuluş, yaradılış) bayramı kimi səciyyələndirirlər.

İndi ortaya başqa bir sual da çıxır. Belə olan halda yaz fəsli (fərqi yoxdur, bahar fəsli, ya hansısa adla adlandırmaq onu, dünyanın bütün dillərində yaz fəslini müxtəlif adlarla adlandırırlar!) birbaşa Novruz bayramının özü deməkdirmi? Burada da məsələyə incə baxış bucağından yanaşmaqla aydınlıq gətirmək olur. Bəlkə də məsələnin fərqinə varmadan deyə bilərik ki, bəli, Novruz bayramı elə yaz (bahar) fəslinin özüdür və bunu adi təbiət hadisəsi kimi qəbul edərik. Açıqlama da gətirərik ki, yaz fəsli bütün dünyaya qədəm basır və bu baxımdan yaz - bahar bayramı adı altında ümumiləşdirib bahar fəslini Novruz bayramı ilə eyniləşdirərik.

Ancaq belə odluqda biz Novruz bayramının əsl mahiyyətinin üstünə kölgə salmış olarıq. Niyə? Bunun ilkin cavabı budur ki, bahar fəsli dünyada heç bir sərhəd tanımadan bütün kainatda mövcuddursa, onda gərək irqindən, dinindən, milliyyətindən asılı olmayaraq Novruz bayramı bütün dünyada bahar, yaz (və yaxud hər xalqın öz dilində yaz fəsli necə adlanırsa, elə o adla!) bayramı və s. adlar altında qeyd oluna!

Ancaq təbii ki, bu, belə deyil və dünyanın bütün xalqları yazın gəlişini təmtəraqlı şəkildə bayram etmir. Belə olan halda Novruz bayramının sadəcə yaz (bahar) fəslinin gəlişi bayramı olduğu məsələsi özünü tam doğrultmadı. Bəs məsələnin mahiyyəti necədir?

Yaz fəslini təbiətin (İlahinin) yaz(ısı) bayramı olduğunu dərk edən etnosun, millətin, xalqın təfəkkürü bu təbiət fəslini Novruz bayramı adı altında keçirir. Başqa sözlə, etnik təfəkkür və düşüncədə yaz (bahar) fəslinin ilahi yaradılış qanunu olması dərk olunmalıdır ki, onu Novruz bayramı səviyyəsində bayram edə bilsin. Bu prinsip etnik təfəkkürdə mövcud olmadan, yazın gəlişini hər hansı şəkildə bayram etməyi hansısa etnosa, xalqa zorla aşılamaq olmaz.

Məhz xalqımız yaz fəslinin təbiətində bir ilahi yaradılış – yenidən doğuluş “yazısı” “görüb oxuduğundan”, bahar fəslinə milli-xəlqi düşüncənin inikası olaraq “yaz(ı)” fəsli adını vermiş və bu fəslin timsalındakı ilahi “yazı”nın təcəssümünə ayinlər və mərasimi töhfələr verməklə onu Novruz qiyafəsində bayram etmişdir.

İkinci bir tərəfdən, onu da fikirlərimizə əlavə edək ki, yaz fəslinə sadəcə yaz, bahar bayramı deməklə və ya onu gəlişigözəl söz olaraq Novruz bayramı adlandırmaqla məsələnin əsil mahiyyətini məhdudlaşdırmaq olmaz. Etnik düşüncədə yaz fəsli canlı mifik obraz kimi qavranılmasa, yaz fəsli dini-mifik təsəvvürlər, inanclar sistemi ilə, mərasimlərlə müşayiət olunmazsa, onun timsalında – yəni yaz fəslinin təcəssümü olaraq Novruz bayramını reallaşdırmaq olmaz. Necə ki, xristian dünyasında Qış fəslinin canlı mifik obrazı kimi Şaxta baba obrazı formalaşıb və qışın təcəssümü fonunda Şaxta babalı, Qar qızlı, Şən yolkalı Yeni il şənliyi bayram edilir, eləcə də türk-İslam dünyasında yazın gəlişi fonunda Novruz bayramı böyük ruh yüksəkliyi ilə keçirilir.

Bunu başqa cür də izah eləmək olar. Yaz fəslini dini-mifik təsəvvürlərlə dolu olan ayinlərlə yükləmədən və bəzəmədən Novruz bayramı şəklində qeyd etmək olmaz. Bütün xalqlar yaz fəslini qarşılayır, ancaq hər xalq onu təbiətin şahlıq taxtında oturdub bayram etmir. Müqayisə üçün deyək ki, dünyada saysız-hesabsız qızlar var. Ancaq o qızların hamısına eyni anda gəlinlik donu geyindirib, gəlinlik taxtında oturtmaq, ona “gəlin” demək mümkün olmur. Beləcə də təbiətə qədəm basan yaz (bahar) fəslinə obrazlı münasibət və mifik-dini baxışlar işığında yanaşmaq olmazsa, onu Novruz bayramı kimi səciyyələndirmək olmaz.

Deyilənlərdən də bir daha gördüyümüz kimi, Novruz bayramı yaz (bahar) fəslinin üzərində o zaman bərqərar olur ki, mifik-dini dünyagörüşündən bəhrələnən və fəlsəfi mahiyyət daşıyan ayin və mərasimlərlə bəzədilmiş olsun.

Paylaş: