24 mart 2025, bazar ertəsi Bakı, 6°C
IMG-LOGO

Bu gün Beynəlxalq Meşələr Günüdür

21-03-2025
IMG
Martın 21-i əsası 1971-ci ildə qoyulan və o vaxtdan bəri hər il qeyd olunan Beynəlxalq Meşələr Günü və ya Ümumdünya Meşə Günüdür.
 
Fhnews.az xəbər verir ki, bu günün təsis edilməsinin təşəbbüskarı 1971-ci ildə BMT-nin 23-cü Baş Assambleyasında Avropa Kənd Təsərrüfatı Konfederasiyası olub.
 
İdeya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib. Üstəlik, ilkin olaraq bu günün Cənub yarımkürəsində payız bərabərliyi və Şimal yarımkürəsində yaz bərabərliyi günü qeyd edilməsi haqqında qərar qəbul olunub.
 
2012-ci ildə BMT Baş Assambleyası 21 dekabr 2012-ci il tarixli 67/200 saylı qətnaməsi ilə meşələrin qorunmasının vacibliyi barədə cəmiyyəti məlumatlandırmaq və onların əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə hər il martın 21-nin Beynəlxalq Meşələr Günü kimi qeyd edilməsini təsdiqləyib. Hər il Günün tədbirləri müəyyən bir mövzuya həsr olunur. Bu il Beynəlxalq Meşələr Günü "Meşələr və qida" devizi altında qeyd edilir.
 
Meşələr planetdəki 1,6 milyard insanı qida, dərman, yanacaq, sığınacaq və gəlirlə təmin edir. Meşələrin və bu ehtiyatların qorunması problemi bütün dünya ölkələri üçün ən mühüm ekoloji vəzifələrdən biridir. Son illərdə meşələrin qırılması ilə bağlı tendensiyalar təkcə ekoloqların deyil, bütün beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.
 
Hazırda planetdəki meşələrin ümumi sahəsi təxminən 38 milyon kvadratmetrdir. Bu, torpaq sahəsinin təxminən üçdə bir hissəsidir, bunun 13 faizi mühafizə olunan təbiət əraziləridir.
 
Meşələr planetimizin ağciyərləridir, onların əvəzsiz ekoloji, sosial və iqtisadi əhəmiyyəti var. Belə ki, meşələr planetin iqlimini formalaşdırır, onu oksigenlə təmin edir, zərərli tullantıları emal edir, su ehtiyatlarını qoruyur, bir çox bitki və heyvanların yaşayış yeridir, insanlara qida və sağlam mühit verir, torpağın münbitliyinin və landşaftların qorunmasına kömək edir...
 
Ekspertlər: 10 min ildə 26 milyon kvadratmetr meşə ərazisi məhv olub
 
Bununla belə, hər gün dünya meşələrinin sahəsi durmadan azalır. Bu, ilk növbədə, əhalinin artımı və meşə sahələrinin müxtəlif insan ehtiyaclarına qurban verilməsi ilə bağlıdır. Bəzi ekspert hesablamalarına görə, son 10 min ildə insan 26 milyon kvadratmetr meşə ərazisini məhv edib. Bundan əlavə, meşələr yanğınlar, qanunsuz ağac kəsmələri, təbii fəlakətlər, zərərverici həşəratlar, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşə sahəsinin azalması bütün təbiət və bəşəriyyətin həyatı üçün qlobal əhəmiyyət kəsb edən düzəlməz mənfi proseslərə gətirib çıxarır.
 
Bu baxımdan Beynəlxalq Meşələr Gününün keçirilməsində əsas məqsəd planetin sakinlərinin diqqətini meşələrin mühafizəsinə cəlb etmək, meşə ekosistemlərinin əhəmiyyəti, onların həqiqi vəziyyəti, mühafizəsi və bərpası üzrə əsas tədbirlər haqqında məlumat verməkdir.
 
Meşələrin azalması və deqradasiyası prosesləri bütün ölkələrin birgə həllini tələb edən beynəlxalq problemlərə çevrildiyindən, BMT təşkilata üzv dövlətləri bu günün qeyd olunmasını xüsusi tədbirlərlə dəstəkləməyə çağırıb. Bu gün dünyanın əksər ölkələrində meşələrin və yaşıllıqların qorunmasına yönəlmiş müxtəlif tədbirlər keçirilir. Bunlara maarifləndirmə tədbirləri, müxtəlif müsabiqələr və sərgilər, ağacəkmə kampaniyaları, müxtəlif fleşmoblar daxildir.
 
Maraqlıdır ki, bəzi ölkələrdə bu gün Beynəlxalq Meşələr Günü ilə yanaşı, Ağac Günü kimi də qeyd olunur.
 
Azərbaycan meşələri
 
Respublikamızın meşə fоndu 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.
 
Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.
 
Təkcə ötən il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 milyondan çox ağac əkilib.
Paylaş: