24 mart 2025, bazar ertəsi Bakı, 7°C
IMG-LOGO

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025
IMG

Taylandın Banqkok şəhərində Asiya İnkişaf Bankı İnstitutunun təşkilatçılığı ilə qlobal beyin mərkəzləri əməkdaşlıq təşəbbüsünün “İqlim və inkişaf arasında gələcək sinergiyalar” adlı beynəlxalq konfransı keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı konfransda çıxış edib.

Mərkəzdən verilən məlumata görə, Vüsal Qasımlı qlobal beyin mərkəzlərinin əsas çağırışlar olan deqloballaşma, təbii kataklizmlər, texnoloji inqilab və borc probleminə daha çox diqqət ayırmasının vacibliyini qeyd edib.

O bildirib ki, 2035-ci ilədək iqlimin maliyyələşdirilməsində 1,3 trilyon dollarlıq yeni qlobal hədəf, o cümlədən əvvəlki 100 milyard dollarlıq öhdəliyi üç dəfə artıran 300 milyard dollarlıq əsas hədəf müəyyən edilib. Bakıda keçirilən COP29-un digər nailiyyəti İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması olub. Bakıda həm də karbon bazarlarını ehtiva edən 6-cı maddə üzrə illərlə davam edən danışıqlar uğurla yekunlaşıb.

Banqkokda keçirilən “İqlim və inkişaf arasında gələcək sinergiyalar” adlı beynəlxalq konfrans, T20/T7 – G20 və G7 beyin mərkəzlərinin iki il əvvəl başladığı “Qlobal əməkdaşlıq üçün ortaq gündəm” təşəbbüsünün davamı olaraq, bu ilin sentyabrında Nyu-Yorkda Gələcəyin Sammiti çərçivəsində keçiriləcək qlobal beyin mərkəzləri əməkdaşlıq görüşünə hazırlıq məqsədi daşıyıb.

Konfransda qlobal beyin mərkəzlərinin liderləri, tədqiqatçılar, beynəlxalq maliyyələşmə institutları, hökumət rəsmiləri və xeyriyyə təşkilatlarının rəhbərləri iştirak edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Böyük İyirmilik” ölkələrinin beyin mərkəzləri platformasında təkcə Azərbaycanı deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərq regionunu təmsil edən aparıcı qurumlardan biridir.

Paylaş: