23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

21-03-2025
IMG

Toronto Universiteti və Baycrest Tədqiqat və Təhsil Akademiyasının Rotman Tədqiqat İnstitutunun alimləri yuxunun real dünya təcrübələrinin yadda saxlanmasına təsirini araşdırıblar. “Nature Human Behavior” jurnalında dərc olunan tədqiqatın nəticələri göstərir ki, yuxu təkcə yaddaşı qorumaqla kifayətlənmir, həm də hadisələrin ardıcıllığını yadda saxlamağı aktiv şəkildə gücləndirir.

Fhnews.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmada iştirakçılar “Baycrest Turu” adlanan immersiv incəsənət ekskursiyasına qatılıblar. Bu tur zamanı onlar müxtəlif sənət əsərlərini müşahidə edib və audio bələdçi vasitəsilə əsərlər haqqında məlumat alıblar. Sonra onların yaddaşı müxtəlif intervallarla – ekskursiyadan dərhal sonra bir gün, bir həftə, bir ay və bir ildən sonra test edilib. İştirakçılardan gördükləri sənət əsərlərinin detalları (məsələn, rənglər) və ekskursiya zamanı onların ardıcıllığı haqqında suallara cavab vermələri istənilib. Tədqiqatçılar müəyyənləşdiriblər ki, bir gecəlik yuxu iştirakçıların hadisələrin ardıcıllığını daha dəqiq xatırlamasına kömək edir. Yaddaşda bu güclənmə təsiri uzunmüddətli olub və bir ildən sonra da davam edib. Eyni zamanda, iştirakçıların detal yaddaşı zamanla zəifləyib. Maraqlıdır ki, ekskursiyadan sonra yuxusuz qalan iştirakçılarda ardıcıllıq və detal yaddaşı eyni dərəcədə azalıb. Tədqiqat çərçivəsində iştirakçıların bir qismi ekskursiyadan sonra yuxu laboratoriyasında yataraq beyin fəaliyyətləri izlənilib. Bu təhlillər də yuxunun yaddaşın möhkəmlənməsinə aktiv töhfə verdiyini göstərib. Yuxunun yalnız yaddaşın tənəzzülünü ləngitmək deyil, eyni zamanda, onun strukturunu yaxşılaşdırmaq potensialı olduğu müəyyənləşib.

Araşdırmanın müəlliflərindən biri, psixoloq Brayan Levin, nəticələrin yuxunun yaddaş mexanizmlərinə təsirini daha dərindən anlamağa imkan verdiyini bildirib. Tədqiqat qrupu gələcəkdə yuxunun emosional və travmatik yaddaşa təsirini, eləcə də sərbəst xatırlama və tanıma kimi fərqli yaddaş testləri üzərindəki rolunu araşdırmağı planlaşdırır.

Bu tapıntılar yuxunun təkcə beynin dincəlməsi üçün deyil, həm də gündəlik təcrübələrin yadda saxlanmasını gücləndirmək üçün vacib olduğunu göstərir.

Paylaş: