14 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Suriyada Osmanlı mirası: Hicaz Dəmiryolu

11-01-2025
IMG

Sultan II Əbdülhəmid tərəfindən 1900-1908-ci illər arasında Dəməşq və Mədinə arasında inşa edilən Hicaz Dəmiryolu Osmanlı coğrafiyasının ən əhəmiyyətli dəmir yolu olub. Hicaz Dəmiryolu 33 il taxtda olduğu müddətdə çökmək üzrə olan bir dövləti yüksək səviyyələrə daşıyan II Əbdülhəmidin ən mühüm layihələrindən biri idi.

Bundan əvvəl Osmanlı torpaqlarında inşa edilən ilk dəmir yolu İsgəndəriyyə-Qahirə xəttində istifadəyə verilmişdi. Dövrün Misir valisinin dəstəyi ilə İngilislər tərəfindən həyata keçirilən bu layihəni Anadolu və Rumelidə inşa edilən dəmir yolu xətləri izləyib.

Osmanlı coğrafiyasında dəmir yolları arasında uzunluğuna və hərbi, siyasi və iqtisadi potensialına görə ən əhəmiyyətlisi Hicaz Dəmiryolu olub.
Dəməşq və Deraa arasında dəmir yolunun tikintisi ideyası alman-amerikalı mühəndis Çarlz Zimpelin Qırmızı dənizlə Dəməşqi birləşdirmək ideyasına əsaslanırdı.

Bu təklif Osmanlı İmperatorluğunun siyasi və iqtisadi şərtlərinə görə həyata keçirilə bilməsə də, İstanbul və Hicazı birləşdirəcək xəttin çəkilişi üçün çoxlu layihələr hazırlanmışdı.

Sultan Əbdülhəmid Osmanlı sultanı olmaqla yanaşı, İslam xəlifəsi titulu ilə Hicaza böyük əhəmiyyət verirdi. Dəmir yolu layihəsi bu başlığın qüdrətini gücləndirmək və İslam coğrafiyasının birliyinə töhfə vermək üçün həyati əhəmiyyət kəsb edirdi.

Hicaz Dəmiryolu Layihəsi uzaq coğrafiyalardakı müsəlmanlar arasında böyük sevinclə qarşılandı. Layihə sayəsində daha çox müsəlman daha qısa müddətdə Həcc ziyarətinə gedə biləcəkdi.

Layihə Osmanlı torpaqlarında zənginliyin, sənayenin və ticarətin artmasına töhfə verəcək, xəttin keçdiyi yerlər inkişaf edəcəkdi.

1900-cü il mayın 2-də İstanbulda layihənin həyata keçirilməsinə qərar veriləndə Ali Komissiyası yaradıldı. Sultanın özünün sədrlik etdiyi komissiya dəmir yolu tikintisi işləri üçün səlahiyyətli bir qurum idi.

Komissiya xəttin çəkilməsi, relslər, vaqonlar, şpallar, lokomotivlər, sement və əhəng kimi məhsulların tədarükü, mühəndis-texniki işçilərin və dövlət qulluqçularının təyin edilməsi, işlərdə iştirak edənlərin əmək haqlarının ödənilməsi və nəzarəti həyata keçirməyi öz üzərinə götürdü. Bu komissiyadan əlavə Dəməşq, Beyrut və Hayfada da komissiyalar yaradıldı.

Hicaz Dəmiryolunun tikintisinə Sultan Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü günü- 1900-cü il sentyabrın 1-də başlandı. Xəttin eni relslərin içərisindən başlayaraq 1 metr 5 santimetr olaraq müəyyən edilib.

Muzeyrib və Dərə arasındakı 11 kilometrlik hissə 1901-ci il sentyabrın 1-də təntənəli mərasimlə açıldı. Beləliklə, xəttin birinci tamamlanmış hissəsi üzə çıxdı.

Xəttin ikinci tamamlanmış hissəsi Der'a-Zarka hissəsi idi. Bu bölmənin rəsmi açılışı 1902-ci il sentyabrın 1-də keçirilib. Bu açılışdan sonra xəttin 20 kilometrlik  Zerka-Amman hissəsi 17 noyabr 1902-ci ildə tamamlandı. 1903-cü il sentyabrın 1-də, Şam-Dər'a xəttindən düz bir il sonra xətt Maana çatdı. Osmanlı İmperiyası hüdudlarından kənarda aparılan ianə kampaniyaları daha çox Osmanlı diplomatik nümayəndələrinin olduğu ölkələrdə cəmləşmişdir.

Hicaz Dəmiryolunun 450 kilometrlik Mədinə-Məkkə hissəsi bədəvilərin hücumları və imperialistlərin siyasətləri səbəbindən həyata keçirilə bilmədi. Bu səbəbdən də ziyarət zamanı verilən rahatlıq məhdud idi və xəttin ən böyük töhfəsi hərbi sahədə özünü göstərdi.

1908-ci il sentyabrın 1-də Hicaz Dəmiryolunun açılışından sonra Hayfa-Dəməşq xəttində hər gün, Şam-Mədinə xəttində isə həftədə 3 gün xidmətlər təşkil olunmağa başladı.

Xəttin tikintisi zamanı 2 min 666 hörgü körpü və suötürücü, 7 dəmir körpü, 9 tunel, 96 stansiya, 7 gölməçə, 37 su çəni, iki xəstəxana və 3 emalatxana tikilib.
Sultan II Əbdülhəmid Hicaz Dəmiryolunun Mədinəyə yaxın hissələrində inanılmaz bir fədakarlıq göstərmiş, bunun üçün əvvəldən axıra qədər çox çalışaraq hər mərhələni şəxsən öz üzərinə götürmüşdü.

Paylaş: