20 dekabr 2024, cümə Bakı, 7°C
IMG-LOGO

Salonikidəki Atatürk Evində aparılan bərpa işlərinin gələn il başa çatdırılması planlaşdırılır

19-12-2024
IMG

Yunanıstanın Saloniki şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün doğulduğu ev onun  irsini yaşatmaq üçün bərpa edilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, muzey kimi istifadə edilən Atatürk Evi nazirliyin himayəsi və Türk Əməkdaşlıq və Koordinasiya Təşkilatının vasitəçiliyi ilə həyata keçirilən işlərlə yenidən canlanır. 

Türk millətinin ulu öndərə minnətdarlığının göstəricisi olan bərpa layihəsi tarixi binanın ilkin kimliyini bərpa etmək məqsədi daşıyır.
Türkiyə-Yunanıstan əməkdaşlığı ilə həyata keçirilən layihədə Atatürk Evinin son bərpası zamanı itirilən “Türk evi” atmosferi köhnə fotoşəkillər və klassik memarlıq elementləri əsasında canlandırılır.

Bərpa çərçivəsində taxta qapı, pəncərə, tavan, döşəmə kimi bütün detallar orijinala uyğun olaraq yenilənir.Binanın daxili hissəsində suvaq və rəngləmə işləri aparılarkən, bağdakı daş üzlük və divar tərtibatlarına da diqqətlə yanaşılır.

Elektrik və mexaniki qurğular tamamilə yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Atatürk irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edən layihə çərçivəsində dekabrın 4-də başlanan bərpa işlərinin gələn ilin sentyabrında başa çatdırılması planlaşdırılır.

Layihənin tamamlanmasıyla ziyarətçilərə Atatürkün uşaqlıq illərini və dövrün memarlıq üslubunu yaşamaq imkanı təqdim ediləcək.

Paylaş: