20 dekabr 2024, cümə Bakı, 8°C
IMG-LOGO

ABŞ-nın Nyu-York şəhərində mastodon fosili tapılıb

19-12-2024
IMG

Təxminən 10 min il əvvəl nəsli kəsilmiş filə bənzər məməli olan mastodon növünün sümük qalıqları ABŞ-nın Nyu-York şəhərində aşkar edilib.

Dövlət rəsmilərinin açıqlamasına görə, Nyu-Yorkun Orinc Kaunti qəsəbəsindəki bir evin həyətindən çıxarılan bütün çənə, ayaq barmağı və qabırğa sümüklərinin bu növün yetkin bir üzvünə aid olduğu düşünülür. Açıqlamada mastodon fosilinin son 11 ildə əyalətdə aşkar edilən ilk nümunə olduğu və əyalət daxilində tapılan 150 fosildən biri olduğu ifadə edilib. Nyu-York Dövlət Muzeyinin tədqiqatçıları tərəfindən qalıqlar üzərində aparılacaq radiokarbon tarixləndirməsi kimi prosedurlar nəticəsində məməlinin bölgədə nə qədər əvvəl gəzdiyi və necə qidalandığı müəyyən ediləcək. Bu şəkildə növlərin yaşayış şəraiti ilə bağlı təfərrüatları ortaya çıxarmaq məqsədəuyğundur.

Mammutidae ailəsindən olan mastodonlar indiki fillərin və nəsli kəsilmiş mamontların qohumlarıdır. Mamontlardan daha qısa və dolğun olan bu canlılar müasir fillərdən daha düz kəllə və kiçik qulaqlara malikdirlər.

Təxminən 10.000 il əvvəl nəsli kəsilmiş, filə bənzər mastodon ümumiyyətlə Amerika qitəsinin şimal-şərqində 2.6 milyon il əvvəl başlayan və təxminən 11.700 il əvvələ qədər davam edən Pleistosen (Son Buz Dövrü) dövründə yaşamışdır.

Paylaş: