15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

UNEC-də “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda konfrans keçirilib

11-04-2025
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Konfransın açılış mərasimində Rusiya, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı universitetlərinin rəhbərləri, Milli Məclisin deputatları, eləcə də ölkədə sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Bu barədə UNEC-dən məlumat verilib.

Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovun moderatorluğu ilə keçirilən konfransda sahibkarlıq təhsilinin ölkələrin iqtisadi inkişafına müsbət təsirləri, bu sahənin güclü bir resurs kimi istifadə imkanları müzakirə olunub.

Konfrans çərçivəsində Tümen Dövlət Universitetinin rektoru dosent İvan Romançuk, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər siyasəti və tərbiyə fəaliyyəti departamentinin direktor müavini Aleksandr Vedexin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Macarıstanın Dunaujvaros Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri professor Andrea Keszi-Szeremlei, Qazaxıstanın Kunayev Universitetinin prorektoru dosent Elvira Omurçiyeva mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova konfransın açılışında çıxış edərək, UNEC-in Rusiya ali təhsil müəssisələri ilə əlaqələrindən bəhs edib. O, UNEC-in Rusiyanın bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini və ikili diplom proqramları həyata keçirdiyini vurğulayıb. Həmçinin UNEC-in Rusiyada filialı olan yeganə Azərbaycan universiteti olduğunu xüsusi qeyd edib.

Konfrans işini “Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”, “Ali təhsil sistemində sahibkarlıq ekosistemi” və “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm” mövzularında panel müzakirələrlə davam etdirib.

Paylaş: