15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Anesteziyanın beyindəki əlaqə modellərini zəiflədtdiyi müəyyən edilib

12-04-2025
IMG

McGill Universiteti, Kembric Universiteti və digər elmi mərkəzlərin birgə tədqiqatı ümumi anesteziyanın insan və heyvan beyinlərindəki unikal funksional əlaqə modellərini zəiflədə bildiyini göstərib. Anesteziya — tibbdə ağrının qarşısını almaq və ya şüuru müvəqqəti olaraq aradan qaldırmaq məqsədilə istifadə olunan prosedurdur. Anesteziya nəticəsində xəstə cərrahi və ya digər tibbi müdaxilələr zamanı ağrı hiss etmir.

Fhnews.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Human Behavior” jurnalında dərc olunub.

Əvvəlki psixologiya və neyroelm araşdırmaları insanların spontan düşüncə, hiss və davranışlarında fərdi xüsusiyyətlərə sahib olduqlarını, bu xüsusiyyətlərin isə beyin fəaliyyətindəki unikal nümunələrlə əlaqəli olduğunu göstərmişdi. Bu fərdi sinir fəaliyyəti nevroloqlar tərəfindən hər bir şəxsin “beyin barmaq izi” kimi qəbul edilir.

Tədqiqatın aparıcı müəllifi dr. Andrea Luppinin izahına görə, insan beyni müxtəlif bölgələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi vasitəsilə fərdiliyimizi əks etdirir. Lakin şüurun itirildiyi hallarda, məsələn, dərin yuxuda və ya ümumi anesteziya zamanı bu fərdilik hissi aradan qalxır. Tədqiqat da məhz bu mərhələdə beyin barmaq izlərinin necə dəyişdiyini araşdırmağı hədəfləyib.

Tədqiqat qrupu funksional maqnit rezonans tomoqrafiyasından (fMRI) istifadə edərək sağlam könüllülərin beyin fəaliyyətini üç mərhələdə – anesteziyadan əvvəl, anesteziya təsiri altında və sonrasında – izləyib. Bu qeydlər əsasında beynin müxtəlif sahələri arasındakı funksional əlaqə modelləri təhlil edilib. Əldə olunan nəticələr göstərir ki, ümumi anesteziya zamanı beyin fəaliyyətinin fərdiliyini əks etdirən nümunələr əhəmiyyətli dərəcədə zəifləyir. Başqa sözlə, fərdləri yalnız beyin fəaliyyətinə əsasən ayırd etmək anesteziya zamanı demək olar ki, mümkün olmur. Halbuki şüurlu vəziyyətdə bu ayırdetmə aydın şəkildə mümkündür. A.Luppi nəticəni belə izah edir: “Şüurlu olduqda beyin fəaliyyətindəki fərqlər insanın fərdi təcrübəsi ilə birbaşa əlaqəlidir. Anesteziya zamanı isə bu fərqliliklər kütləşir və beyin daha az unikallıq nümayiş etdirir”.

Tədqiqatçılar bu tapıntıların yalnız insanlar üçün deyil, digər növlər üçün də əhəmiyyətli nəticələr doğura biləcəyini vurğulayırlar. Çünki anesteziya müxtəlif növlərdə oxşar təsir göstərir və bu, növlərarası müqayisəli tədqiqatlar üçün zəmin yaradır. Eyni zamanda, bu nəticələr gələcəkdə koma və digər şüur pozuntularından əziyyət çəkən xəstələrin reabilitasiyası üçün yeni terapevtik yanaşmaların inkişafına da töhfə verə bilər.

A.Luppi ümid edir ki, beynin anesteziyadan sonra şüuru necə bərpa etdiyini başa düşməklə, bu tip klinik vəziyyətlərdə şüurun bərpasını stimullaşdırmaq mümkün olacaq.

Paylaş: