15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb

10-04-2025

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb.

Mərkəzdən bildirilib ki, həmin il satışdan 17 milyon 711 min 100 manat (17,7 milyon manat) gəlir əldə edilib.

2023-cü ildə şərabın satışında 38,5 faiz və ya 4 milyon 927 min manat (4,9 milyon manat) artım qeydə alınıb.

2024-cü ildə isə şərabın pərakəndə ticarət dövriyyəsi 2023-cü ilə nisbətən 6,3 faiz və ya 1 milyon 122 min 400 manat (1,1 milyon manat) azalaraq 16 milyon 588 min 700 manat (16,6 milyon manat) təşkil edib.

Qeyd edək ki, şampan şərabının pərakəndə satış göstəricilərində şərabın pərakəndə satış göstəricilərindən fərqli olaraq, son 5 ilin hər birində artım müşahidə edilib.

Şampan şərabının pərakəndə satışı üzrə ən yüksək artım 2022-ci ildə 71,8 faiz və ya 1 milyon 140 min 800 manat (1,4 milyon manat) olaraq qeydə alınıb. 2024-cü ildə isə şampan şərabının pərakəndə satışı 2023-cü il ilə müqayisədə 1,6 faiz və ya 50 min 100 manat (50,1 min manat) artıb.

2024-cü ildə şərab satışının rüblər üzrə göstəricilərini müqayisə etsək görərik ki, ötən ilin II rübündən başlayaraq şərabın pərakəndə satışı növbəti rüblərdə azalıb. Ən az pərakəndə satış göstəricisi 2024-cü ilin son rübündə 4 milyon 52 min manat (4,1 milyon manat) olaraq qeydə alınıb. Qeyd edək ki, bu göstərici III rüb ilə müqayisədə 2,71 faiz və ya 113 min manat azlıq təşkil edir.

2024-cü ilin II və III rüblərində şampan şərabının pərakəndə satış göstəricilərində azalma müşahidə edilsə də, ilin son rübündə kəskin artım qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ilin IV rübündə şampan şərabının satış göstəricisi III rüb ilə müqayisədə 32,28 faiz və ya 227 min manat artım ilə fərqlənib. Bu artımı Yeni il bayramı ilə əlaqələndirmək olar.

Rəsmi rəqəmlər göstərir ki, hər il spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın pərakəndə satış payı şampan şərabının pərakəndə satış payından daha çox olub.

2024-cü ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın satış payı 4,87 faiz, şampan şərabının satış payı isə 0,91 faiz təşkil edib.

Son 5 ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın ən yüksək satış pay göstəricisi isə 2020-ci ildə 7,28 faiz ilə qeydə alınıb. Spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şampan şərabının ən yüksək pərakəndə satış payı isə 2022-ci ildə 1,22 faiz ilə müşahidə edilib.

Məlumat üçün bildirək ki, 2024-cü ildə ən çox pərakəndə satışı olan spirtli içki 47,83 faiz ilə (163,1 milyon manat) araq olub. İkinci sırada isə 18,69 faiz ilə (63,7 milyon manat) pivə yer alıb. Şərab bu sıralamada 4,87 faiz ilə (16,6 milyon manat) üçüncü, konyak 3,03 faiz ilə (10,3 milyon manat) dördüncü, şampan şərabı isə 0,91 faiz ilə (3,1 milyon manat) beşinci pillədə yer alıb. Hesabatda adı çəkilməyən digər spirtli içki məhsulları isə toplamda 2024-cü ildə ümumi spirtli içki pərakəndə satışının 24,68 faizini (84,1 milyon manat) təşkil edib.

Paylaş: