Nevroloq: Psixoloji dəstək Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir
Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin məhvi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Dopamin hərəkətlərin koordinasiyasına cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. Bu hüceyrələrin tədricən məhv olması nəticəsində beyində dopamin səviyyəsi azalır. Bu da hərəkət pozuntularına, əzələ sərtliyinin zəifləməsinə və digər simptomlara səbəb olur.
Genetik meyillilik olan insanlarda müəyyən mutasiyalar xəstəliyə səbəb ola bilər. Lakin bu, yalnız az hallarda müşahidə edilir.
Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva deyib.
Nevroloq risk faktorlarından və xəstəliyin simptomlarından danışıb. Onun sözlərinə görə, yaş da risk faktorlarından biridir: “Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda inkişaf edir. Lakin bəzi hallarda gənc yaşlarda da rast gəlinə bilər. Beyində iltihabi proseslərin və oksidləşdirici stresin də dopamin hüceyrələrinin məhv olmasına təsir etdiyi düşünülür.
Parkinson xəstəliyinin simptomları yavaş-yavaş inkişaf edir və ilkin mərhələdə adətən nəzərə çarpmır. Xəstəliyin ən erkən əlamətlərindən biri bədənin bir tərəfində baş verən titrəmə və ya hərəkətlərin yüngül ləngiməsidir. İnsanlar hərəkətlərin əvvəlki kimi sürətli və çevik olmadığını hiss edə bilərlər.
Zaman keçdikcə hərəkətlərin ləngiməsi artır və xəstəlik irəlilədikcə balans pozuntuları, yıxılma riski və hərəkət məhdudiyyəti ortaya çıxır. Mimikaların azalması və üz ifadələrinin zəifləməsi nəticəsində xəstənin üzü daha ifadəsiz görünə bilər. Əl yazısı getdikcə xırda və qeyri-müntəzəm olur. Gündəlik fəaliyyətlər, məsələn, geyinmək, qidalanmaq və ya yazmaq çətinləşir.
Xəstəlik yalnız fiziki simptomlarla məhdudlaşmır, eyni zamanda, depressiya, yorğunluq, yuxu problemləri və qoxu duyğusunun zəifləməsi kimi qeyri-motor əlamətlərlə də müşayiət olunur. Bu simptomlar birbaşa olaraq insanın həyat keyfiyyətinə təsir edir”.
Mütəxəssis Parkinson xəstəliyinin diaqnozunu əsasən xəstənin klinik simptomlarına və tibbi tarixçəsinə əsasən qoyulduğunu deyib: “Hazırda bu xəstəliyi aşkarlamaq üçün xüsusi laborator testlər mövcud deyil. Nevroloji müayinə zamanı həkim xəstənin hərəkətlərini, titrəməni, əzələ sərtliyini və tarazlıq vəziyyətini qiymətləndirir.
Xəstəliyin digər nevroloji pozuntularla qarışdırılmaması üçün beyin görüntüləmə metodlarından istifadə olunur. MRT və KT müayinələri adətən beyində struktur dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir, çünki bənzər simptomlar yaradan digər xəstəliklərin istisna edilməsi vacibdir. Bəzi hallarda dopamin transporter skanı kimi xüsusi görüntüləmə metodları istifadə olunur. Bu da dopamin səviyyəsinin azalmasını göstərməyə kömək edir.
Bəzən xəstənin müalicəyə reaksiyası da diaqnostik metod kimi istifadə edilir. Əgər müəyyən dərman vasitələri qəbul edildikdən sonra xəstənin hərəkətləri yaxşılaşırsa, bu, Parkinson xəstəliyinin olmasını təsdiq edə bilər”.
Y.Əliyevanın sözlərinə görə, Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan xəstəlik deyil, həm də xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir: “Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur.
Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirir və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də, psixoloji dəstək, sosial münasibətlərin qorunması və stresin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir”.
Parkinson xəstələrinin həyat keyfiyyətini artırmaq üçün fiziki aktivlik və mütəmadi idman hərəkətlərinin vacib olduğunu bildirən nevroloq qeyd edib ki, hərəkətlilik xəstəliyin irəliləməsini ləngidir və əzələlərin elastikliyini qorumağa kömək edir: “Fizioterapiya və müalicəvi idman hərəkətləri balansı yaxşılaşdırmağa və əzələ sərtliyini azaltmağa xidmət edir. Sosial münasibətlərin qorunması və aktiv həyat tərzi yaşamaq xəstənin emosional vəziyyətinə müsbət təsir göstərir.
Psixoloji dəstək və terapiya xəstənin depressiya və narahatlıq hisslərini idarə etməsinə kömək edə bilər. Yuxu rejiminin düzgün tənzimlənməsi və stresin azaldılması da Parkinson xəstələri üçün vacib amillərdən biridir. Qidalanma rejiminə diqqət yetirmək və bədənin ehtiyac duyduğu vitamin və mineralları qəbul etmək xəstənin ümumi sağlamlığı üçün faydalıdır.
Fizioterapiya və reabilitasiya üsulu Parkinson xəstəliyinin ən əsas proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin ağrı, səhər saatlarında yuxululuq halı, mədə-bağırsaq fəaliyyətində yavaşlama, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.
Parkinson xəstəliyində dərman müalicəsinə əlavə olaraq xəstələrin gündəlik həyatlarında daha müstəqil və rahat olması, xəstəlik əlamətlərinin aradan qaldırılması və ya ən azından inkişafının qarşısının alınması üçün fizioterapiya proqramı verilir. İstifadə edilən başlıca müalicə üsulları hidroterapiya, bimanual müalicə, elektroterapiya kimi təməl fizioterapiya üsullarıdır. Bundan əlavə, bir xəstəyə məşq proqramı hazırlanır və bu proqram xəstənin həyatını asanlaşdırmaq üçün vacibdir. Təlim proqramına uyğunlaşmaqla, xəstələr ikincili ağırlaşmalardan qaça biləcəklər.
Reabilitasiyanın əsas hədəfi dayaq hərəkət pozğunluğunun korreksiyası və məcburi hipodinamikanın arzuolunmaz nəticələrinin qarşısının alınmasıdır. Reabilitasiya proqramının əsası əzələlərin sərtliyini azaltmaq üçün gərmə məşqlərinin icrasıdır. Bundan əlavə, duruş problemlərini aradan qaldırmaq və artımın qarşısını almaq üçün gərmə məşqləri lazımdır. Gərmə hərəkətləri yavaş, lakin tez-tez edilməlidir. İdmandan sonra tətbiq olunacaq gərmə hərəkətləri əzələ spazmının qarşısını almaq üçün çox faydalıdır. Rahatlama məşqləri də faydalı bir üsuldur. Yalnız Parkinson kimi xəstəliklərdə deyil, sağlam insanlarda da istifadə edilə bilər.
Bütün bu məşqlər mütləq fizioterapevt qiymətləndirməsindən sonra xəstəyə xüsusi olaraq tətbiq olunan proqram daxilində edilməlidir”, - deyə nevroloq bildirib.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...