15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Marsdan yeni seysmik məlumatlar əldə edilib

11-04-2025
IMG

NASA-nın Marsa göndərdiyi “InSight” zondu tərəfindən əldə edilən seysmik məlumatlar planetin səthinin altında maye suyun ola biləcəyinə dair ipucu verir.

Xirosima Universitetindən İkuo Katayama və Dəniz Geodinamikası Tədqiqat İnstitutundan Yuya Akamatsu tərəfindən edilən qiymətləndirmə, maye suyun Marsın səthinin 10-20 kilometr dərinliklərində ola biləcəyini irəli sürür. Elm adamları bu qənaətə NASA tərəfindən 2018-ci ildə Marsa endirilən “InSight” aparatında SEIS (Daxili Strukturlar üçün Seysmik Təcrübə) cihazı ilə toplanmış məlumatlara əsaslanıb.

Daxili Strukturlar üçün Seysmik Təcrübə cihazı Mars zəlzələləri və meteor zərbələri kimi hadisələrdən seysmik dalğaları aşkar edir. Bu dalğaların planetin daxili təbəqələrində necə yayıldığını araşdıraraq, yeraltı suxurların sıxlığı və quruluşu haqqında məlumat əldə edilir. Xüsusilə, P və S dalğalarının sürətləri və keçid davranışları tədqiqatçılara suxurların içərisində maye olub olmadığına dair mühüm məlumatlar verir. S dalğaları suda keçə bilməsə də, P dalğaları daha sıx materiallardan daha sürətli yayılır. Məlumata görə, 10 və 20 kilometr dərinliklərdə seysmik sürətlərin qəfil dəyişməsi əvvəllər suxurların məsaməliliyinin və ya kimyəvi strukturunun dəyişməsi ilə izah edilirdi. Bununla belə, Katayama və Akamatsu deyirlər ki, bu sərhədlər quru çatlar və su ilə dolu çatlar arasındakı keçiddən yarana bilər.

Tədqiqatçılar İsveçdə Marsın qabığına bənzər xüsusiyyətlərə malik diabaz suxurları üzərində quru, yaş və donmuş şəraitdə təcrübələr aparıblar. Pyezoelektrik ötürücülərlə aparılan tədqiqatlarda müxtəlif şəraitlərdə seysmik dalğa sürətlərinin əhəmiyyətli dərəcədə dəyişdiyi müşahidə edilmişdir. Bu tapıntı seysmik məlumatlarda müşahidə edilən sərhədlərin quru suxurlardan yaş suxurlara keçidlə uyğun olduğunu ortaya qoydu.

Katayamanın fikrincə, bir çox araşdırmalar suyun qədim Marsda milyardlarla il əvvəl mövcud olduğunu göstərir. Mütəxəssislər deyirlər ki, səthin altında maye suyun olması planetdə mikrobların yaşama şansını artıra bilər.

Paylaş: