15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

IV Antalya Diplomatik Forumu çərçivəsində ilk panel iclası keçirilib

11-04-2025
IMG

Aprelin 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan IV Antalya Diplomatik Forumu çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Bolqarıstanın Baş naziri Rosen Jelyazkovun iştirakı ilə regional və qlobal məsələlərin müzakirə olunduğu ilk panel iclası keçirilib.

Fhnews.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun moderatorluğu ilə keçirilən iclasda çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankaranın Tbilisinin etibarlı və strateji müttəfiqi olduğunu bildirib. O məlumat verib ki, Gürcüstan 50 ölkə ilə ticarət sazişləri imzalayıb, Avropa ilə Asiya arasında mühüm nəqliyyat marşrutunun bir hissəsinə çevrilib. İrakli Kobaxidze vurğulayıb ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi böyük əhəmiyyətə malikdir və Ankara bu prosesdə fəal rol oynayır. Gürcü siyasətçi deyib: “Türkiyə sülhsevər vizyona sahib olan, inkişaf və tərəqqini dəstəkləyən bir ölkədir. Biz də Ankaranın bu səylərini dəstəkləməkdə davam edəcəyik. Sülh və iqtisadi inkişaf ölkəmizin siyasətinin prioritet istiqamətləridir”.

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov çıxışında qeyd edib ki, qlobal miqyasda çoxtərəfliliyin bərqərar olduğu bir şəraitdə ən mühüm amil ölkələr və xalqlar arasında qeyri-bərabərliyin aradan qaldırılması, yeni dünya nizamında bütün dövlətlərin hüquqlarına hörmət edilməsidir. Onun sözlərinə görə, yeni qlobal proseslər və reallıqlar konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir fürsət olmalıdır. “Çünki bəşəriyyətin başqa alternativi yoxdur. Ölkələr öz maraqlarına uyğun siyasət yürüdür və bu, təbiidir. Amma başqalarının hüquqlarını da pozmamaq çox vacibdir”, -deyə Bolqarıstanın Baş naziri vurğulayıb.

Monteneqro Prezidenti Yakov Milatoviç Osmanlı imperiyasının varisi olan Türkiyənin Balkan ölkələri ilə sıx əlaqələrinə diqqət çəkərək qeyd edib ki, Ankara yeni reallıqlar şəraitində bu dövlətlərlə münasibətləri daha da intensiv hala gətirir. Onun sözlərinə görə, Türkiyə dünya diplomatiyasında üzərinə daha böyük vəzifələr götürəcək bir mövqeyə malikdir. “Əlverişli coğrafi şəraitdə yerləşən, üç qitənin tam mərkəzində olan Türkiyə qlobal problemlərin həllində, Şərq ilə Qərb arasında ziddiyyətlərin aradan qaldırılmasında daha mühüm aktora çevrilə bilər”, -deyə Monteneqro Prezidenti əlavə edib.

Paylaş: