İsveç iqlim hədəflərinə çata bilmir və Aİ qarşısında öhdəliklərini pozmaq riski ilə üz-üzədir
İsveç 2030, 2040 və 2045-ci illər üçün müəyyən etdiyi iqlim hədəflərinə nail ola bilməyəcək və Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmək təhlükəsi ilə üzləşib.
Fhnews.az xəbər verir ki, bu barədə İsveçin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Naturvårdsverket) hökumətə təqdim etdiyi yeni hesabatında qeyd olunub.
Sənəddə mövcud iqlim siyasəti ilə zəruri tədbirlər arasında ciddi uçurumun olduğu vurğulanır. Bu ilin iyul ayından etibarən emissiyaların azaldılması ilə bağlı tələblərin sərtləşdirilməsi planlaşdırılsa da, benzin və dizel yanacağına tətbiq olunan vergilərin paralel olaraq azaldılması gözlənilən effekti aradan qaldıra bilər.
Ən böyük geriləmə nəqliyyat sektorunda müşahidə olunur. Burada 2030-cu ilə qədər emissiyaların 70 faiz azaldılmasına nail olmaq real görünmür. Bundan əlavə, meşələr və torpaqdan istifadə ilə bağlı hədəflərə nail olmaq xüsusilə çətin hesab edilir. Meşələrin artım tempinin zəifləməsi, yüksək miqdarda ağac qırılması və təbii azalmanın artması torpaq və bitki örtüyünün karbon udmaq qabiliyyətinin kəskin şəkildə zəifləməsinə səbəb olur.
İsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari ötən il emissiyaların artmasını müvəqqəti hal kimi qiymətləndirir və hesab edir ki, İsveç nəqliyyat sahəsində Avropa İttifaqının hədəflərini yerinə yetirə biləcək.
Lakin ekoloqlar bu optimizmi bölüşmürlər. İsveç Təbiəti Mühafizə Cəmiyyətinin sədri Beatris Rindevalın sözlərinə görə, hökumət bilərəkdən effektiv tədbirlərdən imtina edir və ölkəni iqlim siyasətində uğursuzluğa aparır.
“Naturvårdsverket”in qiymətləndirməsinə əsasən, torpaqdan istifadə sektorunda geriləməni nəzərə almadan belə, İsveçin Aİ-nin 2030-cu il hədəflərinə çatmaqda çatışmazlığı yüz milyonlarla ton karbon qazı ekvivalentində olacaq.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...