15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Hər qurtum alkoqol xərçəng riskini artırır

11-04-2025
IMG

ABŞ-da aparılan son araşdırmalara görə  hətta az miqdarda spirt istehlakı xərçəngə səbəb ola bilər. Bildirilir ki, hər il təxminən 100 min xərçəng faktı və 20 min xərçəngə bağlı ölüm birbaşa spirt istehlakı ilə bağlıdır.Bu rəqəm yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayından təxminən 10 dəfə çoxdur.

1980-ci illərdən bəri aparılan araşdırmalar göstərir ki, alkoqolun xərçənglə birbaşa əlaqəsi var. Spirtlə ağız boşluğu, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və döş xərçəngi arasında güclü əlaqə olduğu bildirilir. Uzun müddətli və həddindən artıq spirt istifadəsinin də mədəaltı vəzi xərçəngi ilə əlaqəli olduğu bildirilmişdir.

ABŞ Milli Toksikologiya Proqramı 2000-ci ildə alkoqolu "bilinən insan kanserogeni" elan edib. Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 2012-ci ildə spirti ən təhlükəli qrup olan "Qrup 1 kanserogen" qrupuna daxil edib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri  və Milli Sağlamlıq İnstitutları da alkoqolun müxtəlif xərçəng növlərinə səbəb olduğuna dair qəti elmi sübutların olduğunu təsdiqləyir.

Lakin 2019-cu ildə aparılan sorğuya görə, Amerikalı yetkinlərin yarıdan çoxu hələ də spirtin xərçəngə səbəb ola biləcəyini bilmir. Maraqlıdır, alkoqol bədəndə xərçəngə necə səbəb olur?

Alkoqol DNT-ni zədələyir, bu hüceyrə bölünməsi prosesində mutasiyalara səbəb olur və şişin inkişafına təkan verir. Alkoqol əvvəlcə bədəndə asetaldehid adlı zərərli kimyəvi maddəyə çevrilir. Asetaldehidin özü xərçəngə səbəb olan bir maddə kimi müəyyən edilmişdir.

Bundan əlavə, spirt sərbəst radikalların istehsalını artıraraq hüceyrə quruluşunu zədələyir. Bu, zülalların yanlış sintezinə, iltihaba və şiş meydana gəlməsinə səbəb ola bilər.Xüsusilə döş xərçəngi ilə əlaqəli estrogen səviyyələrini artıran spirt, bədəndəki A vitamini səviyyəsini azaldaraq bu riski daha da artırır.

Bundan əlavə, spirt tütün məhsulları ilə birlikdə istifadə edildikdə, ağız, boğaz və qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Paylaş: